Bastainfo.com saytının bloklanması haqqında iddiaya baxılır


Noyabrın 30-da Səbail rayon məhkəməsində bastainfo.com saytının bloklanmasından verilmiş şikayətə baxılıb. Redaksiya saytın bloklanmasının ləğvi məsələsini qaldırır.

İş üzrə cavabdehlər Baş Prokurorluq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

Prosesdə bu idarələri Kənan Zeynalov və Bəxtiyar Məmmədov, Bastainfo saytını isə saytın redaktoru Mustafa Hacıbəyli təmsil edib.

Amma hakim Nurəddin Bağırov iclas başladıqda dərhal sonra bildirib ki, məhkəmə noyabrın 26-da hazırlıq icasında bu iş üzrə icraatı dayandırıb. Redaksiya apellyasiya şikayəti vermək niyyətindədir.

Xatırladaq ki, iyulun 9-da Bastainfo.com saytının baş redaktoru Hacıbəyliyə bildirilib ki, o, cinayət işi üzrə şahid qismində cəlb edilib. Elə həmin gün Baş Prokurorluq internet-resurslarda Gəncə icra başçısı Elmar Vəliyevə sui-qəsdlə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb.

Bununla əlaqədar prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.

Turan.az

30-11-2018, 06:53