Məhkəmə araşdırmaçı-jurnalistdən tələb olunan vergi borcunun məbləğini azaldıb


Bu gün 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində Vergilər Nazirliyinin araşdırmaçı-jurnalist Xədicə İsmayılovaya qarşı iddiası üzrə növbəti məhkəmə iclası keçirilib.

Bu proses bu ilin fevralından gedir və ötən müddətdə prosesə sədrlik edən hakim dəyişib. Vergilər Nazirliyi X.İsmayılovadan 63 min 138 manat vergi borcunun tutulmasını tələb edir.

Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclas zamanı jurnalist iddianın əsassız olduğunu bildirib.

"Vergilər Nazirliyinin iddiası qanuni deyil. "Azadlıq" radiosunun Bakı bürosunun rəhbəri olarkən maliyyə məsələləri ilə bağlı cavabdeh olmamışam, hər hansı maliyyə sənədinə imza atmamışam. Radio ilə bağlı vergi öhdəliyim olmayıb və guya hansısa vergi ödəməsindən belə yayınma olsa da bundan hər hansı mənfəət götürməmişəm", - jurnalist bildirib.

Hakim X. İsmayılovadan tələb edilən borcun 45 min 145 manatadək azaldılması barədə qərardad çıxarıb. Bununla yanaşı jurnalistin bank hesablarına qoyulmuş həbs götürülməyib.

Hakim deyib: "Məhkəmə başa çatanadək bankdakı hesablarınızda 43145 manat məbləğə həbs qoyulacaq. Məhkəmənin qərarından asılı olaraq hesablarınıza həbs qərarında dəyişiklik ediləcək".

Növbəti məhkəmə iclası dekabrın 21-də olacaq.

Xatırladaq ki, X.İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

2016-cı il mayın 25-də o, Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib. İki maddə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham onun üzərindən götürülüb.

Lakin 2017-ci ilin noyabrında Vergilər Nazirliyi araşdırmaçı-jurnalistə qarşı 63 min 138 manatlıq vergi borcunun tutulmasına dair mülki iddia qaldırıb. X. İsmayılova 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər "Azadlıq" radiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə 45 min 145 manatlıq mənfəət vergisini büdcədən yayındırmaqda günahlandırılıb.

O həm də işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlamaqla onlara 14%-lik gəlir vergisi deyil, 4%-lik sadələşdirilmiş vergi ödəmək şəraiti yaratmaqda ittiham olunub.

"Vergilər Nazirliyi nazirliyi məndən tələb etdiyi pulu "Azadlıq" radiosunun Azərbaycan nümayəndəliyindən də tələb edir. Mənfəət vergisinin yayındırılmasına gəlincə, "Azadlıq" radiosu qeyri-kommersiya təşkilatıdır, mənfəət əldə etmir. Belə olan halda, necə mənfəət vergisinin obyekti ola bilər? "Azadlıq" radiosunun vergi öhdəliyi olsa belə həmin məbləğin məndən də tutulması absurddur. "Azadlıq" radiosunun da hesabına həbs qoyulub və həmin hesabda tələb edildiyindən də çox pul var", - o bildirib.

X. İsmayılovanın bank hesabları 2017-ci ilin noyabrında bir neçə beynəlxalq təşkilatlardan mükafat aldıqdan sonra dondurulub. Bu günlərdə isə Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin şikayəti üzrə qəbul etidyi təzminat bank hesabına köçürüləndən sonra onun Beynəlxalq Bankdakı hesabına həbs qoyulub.

O, Turan-a bildirib ki, məhkəmə onun üzərinə vergi öhdəliyi qoyarsa Avropa məhkəməsinə şikayət edəcək. Hazırda jurnalistin 12 şikayəti Avrtopa məhkəməsindədir. Onlardan çoxunun kommunikasiyası başa çatıb, bir iş üzrə qərar qəbul edilib.

19-12-2018, 04:01