Mehman Hüseynovun hospitala təxliyyə edildiyi bildirilir


Mehman Hüseynov müalicə müəssisəsinə köçürülməyib.

Bu barədə vəkil Fuad Ağayev Turana bildirib.

"Mən bu gün, yanvarın 6-da müstəntiqlə əlaqə saxladım. O dedi ki, Mehman Hüseynov müalicə müəssisəsinə köçürülməyib", vəkil qeyd edib.

Dünən sosial şəbəkələrdə dekabrın 26-dan aclıq edən Mehman Hüseynovun səhhətinin ağırlaşdığı üçün Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi barədə məlumatlar yayılıb.

Penitensiar Xidmət də yayılan məlumatları təkzib edib.

"Mehman Hüseynovun mülaicə müəssisəsinə köçürülməsi üçün heç bir əsas yoxdur. Hüseynov su və qida qəbul edir, səhhətində hər hansı problem yoxdur", Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Amerikanın Səsinə bildirib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.-0-

* * *

2019 Yanvar 06 (Bazar) 14:01:04

Mehman Hüseynovun hospitala təxliyyə edildiyi bildirilir

Bakı/06.01.19/Turan: Mehman Hüseynovun vəziyyəti kəskin pisləşdiyindən onu hospitala təxliyyə ediblər. Bu barədə Penitensiar xidmətdəki mənbələrə istinadən xaricdə yaşayam jurnalist Natiq Ədilov bildirib.

Gecə saatları olduğundan rəsmi orqanlardam şərh almaq mümkün olmayıb.

6-01-2019, 22:57