Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəhbər şəxslərinin fəaliyyətində ciddi nöqsanların olması barədə ölkə mətbuatında dəfələrlə məlumatlar verilmişdir. Bildirilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsində məcburi rüşvətalma, əsassız süründürməçilik və digər qanunsuz hallar mövcuddur. Amma, Daxili İşlər Nazirliyinin rəhbərliyi bu günə qədər tabeçiliyində olan Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinin araşdırılmasına maraq göstərməmişdir. Bunun səbəbləri barədə növbəti yazılarımızda geniş məlumat verməyə çalışacağıq.

Bildiririk ki, idarənin əməkdaşları özlərinin tərtib etdiyi qaydalarla məcburi rüşvbətalma mexanizmini çalışdırırlar. İdarədəki qanunsuz hərəkətlərdən bezərək hüquq mühafizə orqanlarına müraciət edənlərin şikayətlərinə baxılmır. Məhz bu səbəbdən İmtahan-Qeydiyyat şöbəsinin bölmə rəisi Müşfiq Rəhimovun qanuna zidd hərəkətləri barədə yüzlərlə şikayət məktubları dövlət orqanlarına ünvanlanır. Lakin həmin şikayətlərin araşdırılmasının qarşısı alınır.

Bakı şəhər sakini Səmədov Vidadi Qardaşəli oğlu " 7GÜN XƏBƏR " qəzetinin internet səhifəsi 7GUN.az saytına müraciət edib, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinin bölmə rəisi Müşfiq Rəhimovun məhkəmə sərəncamını icra etməməsindən, onu süründürməçiliyə salmasından şikayətini bildirir. Vidadi Səmədov şəxsi avtomobilinə dair müvafiq qeydiyyat aparmayan və həmin avtomobilə dövlət nömrə nişanı qoymağı müxtəlif bəhanələrlə süründürən Baş Dövlət Yol Polisi İdarəsinin 19 sentyabr 2018-ci il tarixli imtina qərarından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir.

Vidadi Səmədovun iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Miminat Hacıbəyovanın icraatına verilmişdir. Hakim Miminat Hacıbəyovanın 03 oktyabr 2018-ci il tarixli sərəncamı Baş Dövlət Yol Polisi İdarəsinə göndərmişdir. Həmin sərəncamın icrası gecikdiyinə görə hakim təkrarən Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdir. Lakin İmtahan-Qeydiyyat şöbəsinin bölmə rəisi Müşfiq Rəhimov məhkəmənin sərəncamına saymazyana yanaşır. Görünür, mövcud qanunvericilik Müşfiq Rəhimov üçün keçərli hesab olunmur.

Daxili İşlər Naziri Ramil Usubov tabeçiliyində olan Baş Dövlət Yol Polisi İdarəsindəki anarxiyadan xəbəri olduğu halda, nə üçün İdarənin rəhbərliyinin, digər vəzifəli şəxslər Müşfiq Rəhimov və Afiyəddin Leysanovun barəsində müvafiq inzibati-hüquqi tədbirləri həyata keçirtmir?!

Mövzunu davam etdirəcəyik.

18-02-2019, 20:07