Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"


Ölkədə müstəqil mətbuatın fəaliyyətinin məhdudlaşdırılmasında və sıradan çıxarılmasında Mətbuat Şurasının kifayət qədər xidmətləri var. Sosial və ictimai problemlərin araşdırılması ilə məşğul olan jurnalistlərin hüquqlarının müdafiəsi üçün Mətbuat Şurası hal-hazıra kimi heç bir önəmli addım atmamışdır. Buna kifayət qədər sübutlar göstərmək olar. Hakimiyyəti idarə edən rüşvətxor və korrupsioner məmurların cinayət əməllərini konkret faktlarla gündəmə çıxaran, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəal çalışan bir neçə saytın girişləri davamlı olaraq məhdudlaşdırılır.

Bu sözləri 7GUN.az-ın rəhbəri, jurnalist Cavid Şirəliyev özünün feysbuk səhifəsində yazıb:

"Seymur Həzi, Əfqan Muxtarlı, Elçin İsmayıllı, Araz Quliyev, Şəfəq Ağacanova və digər jurnalistlər qanunsuz olaraq həbs edilərək cəzaçəkmə müəssisələrində saxlanılırlar.

7GUN.az müstəqil media qurumu olaraq, vətəndaşların hüquqlarının qorunması, ölkədəki ictimai və sosial problemlərin araşdırılması, məmur özbaşınalıqlarının ifşa olunması istiqamətində təhqiqat xarakterli məlumatları oxuculara çatdırır. Rüşvətə və korrupsiyaya qurşanmış bir çox məmurlar mövqeyimizdən narahat olaraq Mətbuat Şurası vasitəsilə fəaliyyətimizi əngəlləməyə və süni maneələr yaratmağa çalışırlar. Belə ki, redaksiyamızın elektron poçtuna daxil olan məlumata görə 19 iyun 2019-cu il tarixdə Mətbuat Şurasında Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun 7GUN.az-la bağlı şikayətinə baxılacaq. Bildirirəm ki, Tariyel Əkbərovun qanunsuz əməl və hərəkətləri barədə mətbuatda kifayət qədər məlumatlar dərc olunmuşdur. Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun fəaliyyətinin araşdırılması və hüquqi tədbirlərin həyata keçirilməsi üçün Prezident İlham Əliyevə 1 ay öncə etdiyim müraciətdə Tariyel Əkbərovun da yarıtmaz fəaliyyəti haqqında məlumat vardır. Qeyd edim ki, həmin müraciət Prezident Administrasiyası tərəfindən hal-hazıra kimi araşdırılmamış və mövcud qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Mən şübhə etmirəm ki, Tariyel Əkbərov hakimiyyət dairələrinin sifariş və tapşırığı əsasında 7GUN.az barədə Mətbuat Şurasına şikayət etmişdir. Başqa sözlə, hakimiyyət Tariyel Əkbərov kimi məmurları Mətbuat Şurasına yönləndirərək 7GUN.az-ı susdurmaq üçün tədbirlər həyata keçirir.

Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar. Mətbuat Şurası jurnalistikanın problemlərinin həlli istiqamətndə hakimiyyət orqanları qarşısında tələblər irəli sürmür. Əksinə, müstəqil mətbuatın və araşdırmaçı jurnalistlərin susdurulması üçün hakimiyyətin sifarişlərinə dəstək verir. Eyni zamanda Mətbuat Şurası adından müstəqil mətbuata qarşı çıxarılan qərarlar bu qurumun hakimiyyətin yedək arabası rolu oynadığına dəlalət edir. Mətbuat Şurası ölkədə hakimiyyətin mediyaya qarşı yönəlik hərəkətlərinə susqunluq nümayiş etdirir. Məhz buna görə də ölkədə söz, ifadə və mətbuat azadlığına Mətbuat Şurasının münasibəti ictimai qınağın hədəfindədir"- deyə o qeyd edib.

14-06-2019, 20:37