Ceyhun Nəbinin namizədliyi niyə qeydə alınmadı?!


“Bir həftə gözlədəndən sonra namizədliyimi qeydə almadılar”

98 saylı Şəmkir şəhər Seçki Dairəsi “Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi”nin sədri, tarixçi Ceyhun Nəbinin namizədliyini qeydə almayıb.

7GUN.az-ın məlumatına görə, Ceyhun Nəbi Meydan TV-yə deyib ki, imza vərəqələrini yanvarın 7-də DSK-ya təqdim etsə də, onu bir həftə gözlədəndən sonra hesabat tələb ediblər.

Yanvarın 13-də Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin saytında onun namizədliyinin qeydə alınmadığı öz əksini tapıb:

“Yanvarın 12-də məni dəvət edib hesabat tələb etdilər, guya imza verənlərə pul vermişəm. Mən də DSK-ya bankdan sənəd təqdim etdim ki, pul çıxarışım olmayıb. Dairə komissiyası mənim imza toplayanlarımı çağırmaq istəyirdi, etiraz etdim. Onlardan soruşdum ki, hakim partiyanın namizədi Sahibə Qafarovanı niyə dəvət edib bu tələbləri xatırlatmırsınız? Onun namizədliyinin qeydə alındığını bildirdilər. Təsəvvür edin ki, yanvarın 7-də imza vərəqələrini təqdim etmişəm, bir həftə gözlədəndən sonra rədd cavabı verdilər”.

O, yanvarın 14-də MSK-ya teleqram ünvanlayacağını və ardınca məhkəməyə şikayət edəcəyini deyib.