BÖLMƏLƏR


«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

"Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar" mövzusunda HESABAT

53
  • + A
  • - A
  • "Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar" mövzusunda HESABAT

    Siyasi Məhbusları Müdafiə Mərkəzi
    “Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar” mövzusunda
    H E S A B A T
    (Sənəd 30 oktyabr 2017- 01 mart 2018- ci illər aralığında hazırlanıb)

    İçindəkilər;
    1. Ümumi məlumat. Səh.1
    2. Hesabatın hazırlanmasında məqsəd. Səh. 1-2
    3. Dünyada yaşayan azərbaycanlılar. Səh.2
    4. Avropada yaşayan azərbaycanlı ictimai fəallarla bağlı vəziyyət. Səh.2
    5. Avropa ölkələrində yaşayan siyasi mühacirlərin Azərbaycandakı qohumlarına qarşı həyata keçirilən təzyiqlər. Səh. 3-30
    6. Nəticə. Səh.30
    7. Təkliflər. Səh. 31
    8. İstifadə və istinad olunan mənbələr. Səh. 31

    Ümumi məlumat. Təqdim olunan Hesabat Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanıb. Bu sənəd Avropada və digər ölkələrdə yaşayan azərbaycanlı siyasi mühacirlərlə bağlı cərəyan edən hadisələr, onların ictimai- siyasi fəaliyyəti ilə əlaqədar həmin şəxslərin ailə üzvlərinə, qohumlarına qarşı Azərbaycanda həyata keçirilən təzyiqlər, bu hadisələri doğuran səbəblər, mövcud durum və vəziyyətdən çıxış yolları ilə bağlıdır.

    Hesabatın hazırlanmasında Avropa ölkələrində bu və ya digər formada əlaqəli şəkildə təzyiqlərə məruz qalan, həbs olunan şəxslər, onlara qarşı irəli sürülən rəsmi ittihamlardan, həmin şəxslərin özlərinin və müdafiəçilərinin fikirlərindən, mətbuatın xülasəsindən, yerli və beynəlxalq təşkilatların mövqeyini ifadə edən sənədlərdən, eləcə də Azərbaycan hökümətinin mövqeyindən, qanunvericilik aktlarından və s. istifadə olunub.

    Hesabatın hazırlanmasında məqsəd. Statistik məlumatlara görə Azərbaycanda artan repressiyalar, əlverişsiz biznes mühiti, korrupsiya və monopoliyanın güclənməsi, təhlükəsiz yaşam, işsizlik problemləri və s. nöqteyi- nəzərdən son illər xeyli sayda insan ölkəni tərk edərək xarici ölkələrə üz tutur. Hazırda ölkədə təqiblərə məruz qalan xeyli sayda ictimai- siyasi fəal Avropada yaşayır və fəaliyyət göstərir. Onlar tez- tez Avropanın müxtəlif şəhərlərində Azərbaycan hakimiyyəti əleyhinə aksiyalar keçirirlər, siyasi məhbuslara azadlıq tələb edir, hakimiyyəti tənqid edirlər. Hakimiyyətin əli onlara çatmadığına görə onları susdurmaq və mövqelərindən geri çəkmək üçün həmin şəxslərin Azərbaycandakı ailə üzvlərinə və qohumlarına qarşı təzyiqlər həyata keçirir. Onların qohumlarını işdən çıxarır, polisə çağırıb təzyiq göstərir, həbs edir. Bəzən isə onları Avropadakı qohumlarından imtinaya məcbur edir.

    Hesabatın hazırlanmasında məqsəd Avropada yaşayan siyasi mühacirlərin özlərinə və Azərbaycandakı ailə üzvlərinə, qohumlarına qarşı həyata keçirilən təzyiqləri araşdırmaq, problemi doğuran səbəbləri və çıxış yollarını özündə əks etdirən sənəd hazırlayıb onu aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim etməkdir. Diqqəti bu istiqamətdə baş verən hadisələrə yönəltməklə problemin həllinə yardımçı olmaqdır.

    Dünyada yaşayan azərbaycanlılar...
    Bir sıra qurumların (Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Rеspublikasının xarici ölkələrdəki diplоmatik nümayəndəliklərinin, Azərbaycan diaspоr təşkilatları və s.) vеrdiyi məlumatlara görə hazırda dünyada 50 milyondan artıq (bəzi mənbələrdə bu rəqəm 52 və 55 milyon göstərilir- red.) azərbaycanlı yaşayır ki, onların 10 milyondan çoxu mühacirdir. 42 ölkə üzrə aparılan statistikaya görə azərbaycanlıların ən çox məskunlaşdığı ölkələr qeyri-rəsmi məlumatlara görə, İran, Türkiyə və Rusiyadır. İranda 30 milyon, Türkiyədə 3,5 milyon, Rusiyada isə 3 milyondan artıq azərbaycanlı yaşayır.
    Eyni zamanda İraq, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Almaniya, Misir, Pakistan, Ukrayna da azərbaycanlıların çox yaşadığı ölkələr içərəsində liderlik edir. Amma son illər Avropa ölkələrinə mühacirət edən azərbaycanlıların sayı artmaqdadır.

    Avropada yaşayan azərbaycanlı ictimai fəallarla bağlı vəziyyət
    Yuxarıda qeyd olunduğu kimi müxtəlif səbəblər ucbatından son vaxtlar xeyli sayda əmək qabiliyyəti olan insanlar ölkəni tərk edərək dünyanın müxtəlif ölkələrinə, o cümlədən Avropaya üz tuturlar. Əvvəlki illərlə müqayisədə ölkədən gedənlərin sayı nəzərə çarpacaq dərəcədə artıb.
    Almaniyanın Federal Statistika İdarəsinin məlumatına görə 1992-2016-cı illərdə 4406 Azərbaycan vətəndaşı yalnız Almaniyada bu ölkənin vətəndaşlığını alıb. İdarədən verilən məlumata görə, Almaniya vətəndaşlığı alan şəxslərin 2244 nəfəri, yaxud 50,9%-i qadın, 2162 nəfəri, yaxud 49,1%-i isə kişidir. Digər ölkələrdə də anolji statistika mövcuddur.
    Müxtəlif ekspertlərin, o cümlədən tez- tez Avropa ölkələrinə səfər edərək araşdırma aparan tarixçi alim, Milli Şuranın sədri Cəmil Həsənlinin bildirdiyinə görə hazırda siyasi təqiblər, insan haqlarının kütləvi şəkildə pozulması, aclıq və yoxsulluq ucbatından son illər vətəni tərk edib Qərbi Avropanın müxtəlif ölkələrinə sığınan azərbaycanlıların sayı 700 min ətrafındadır və bunların 80 faizi əmək qabiliyyətli insanlardır, xüsusi ilə gənclərdir; “Hazırda Almaniyanın qaçqın düşərgələrində (kamplarında) məskunlaşan qaçqınların sayına görə ilk yerdə Suriya gəlirsə, sonrakı yerlərdə Azərbaycan qaçqınları aparıcı yer tutur. Lakin insanlar Suriyanı müharibə nəticəsində tərk edirlər. Azərbaycandan isə repressiyalar, ölkənin talan edilməsi insanların ölkənin gələcəyinə ümidini qırıb. Ölkə iqtisadiyatın çökməsi, büdcə talançılığı, hakim elitanın korrupsiyaya qurşanması, əhalinin kütləvi şəkildə yoxsullaşması, işsizliyin geniş yayılması, əmək haqqı və pensiyaların simvolik məzmun kəsb etməsi əhalinin kütləvi mühacirətinin başlıca səbəbləridir. Hətta adamlar hakim ailəyə məxsus aviaşirkətin yük yerində ölkədən qaçmağa başlayıblar. Hazırda xeyli sayda adam da ölkədən çıxmağın yolların axtarır”. Yeri gəlmişkən qeyd edək ki, Almaniyanın Münster şəhər məhkəməsi bu yaxınlarda bildirib ki, qaçqın statusu almaq üçün bu ölkəyə ən çox müraciəti Suriya, Əfqanıstan, İraq və Azərbaycan vətəndaşları edir.
    Azərbaycan hakimiyyəti bəzi ictimai fəalları ölkəyə gətirib onları həbs edib. Əfqan Muxtarlı, Rauf Mirqədirov və s. Jurnalist Fikrət Hüseynlini Ukraynada həbs etdirsə də ölkəyə gətirə bilməyib. Eyni zamanda ölkəyə gətirə bilmədiyi, onun siyasətinə qarşı çıxış edən mühacirlərin isə Azərbaycanda olan ailə üzvləri və qohumlarına qarşı təzyiq edir.
    Fəal ictimai mühacirlərin ailə üzvlərinə və yaxınlarına qarşı repressiv təzyiqlər həyata keçirilir. Polisə çağırılıb hədə- qorxu gəlinir, həbs edilir. İşdən çıxarılır. Bəzən isə qohumlarını onlardan imtina etməyə məcbur edirlər.
    Son zamanlar ölkədə repressiv, mühafizəkar siyasət gücləndiyindən (Konistitusiyaya və qanunvericilik aktlarına məhdudlaşdırıcı əlavələr edilib, mərkəzi icra hakimiyyəti möhkəmləndirilir, həbslər artıb, 160- dan artıq siyasi məhbus var və s.) Avropada yaşayan mühacirlərin də hökümətə yönəlik tənqidi çıxışları və aksiyaları da artıb. Son zamanlar Avropanın bir çox şəhərlərində belə aksiyalar daha da kütləvi xarakter alır. Ayrı- ayrı şəxslərin, ictimai fəalların, gənclərin, mühacir təşkilatların son zamanlar keçirdikləri silsilə aksiyaları qeyd etmək olar. Bu aksiyaların keçirilməsi aksiyanın təşkilatçılarının və iştirakçılarının Azərbaycanda yaşayan ailə üzvlərinə və qohumlarına qarşı təzyiqlərin artması ilə müşahidə olunur. Bu faktların araşdırılması, fiksasiya edilməsinə, toplanmasına və Hesabat halına salınıb sistemlləşdirilməsinə ehtiyac var. Amma hələ bu günə qədər ictimailəşməyən xeyli məlumatlar var.
    Avropa ölkələrində yaşayan siyasi mühacirlərin Azərbaycandakı qohumlarına qarşı həyata keçirilən təzyiqlər

    2014- cü ildə vətəndaş cəmiyyəti fəallarına qarşı olan total hücumun ardınca Avropa ölkələrində yaşayan siyasi mühacilərin Azərbaycanda yaşayan qohumlarına qarşı təzyiqlər də güclənib. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid fəaliyyətindən dolayı onun Azərbaycanda (Şamaxıda- red.) yaşayan 2 qohumu həbs olundu. ABU- nun sabiq rektoru Elşad Abdullayevin qardaşı oğlu Mübariz Abdullayev, jurnalist Günel Mövludun qardaşları, Meydan Tv- nin redaktoru Emin Millinin qohumu, Turan Tv- nin əməkdaşı Türkel Azərtürkün bacanağı Emin Saqiyevə cinayət işi açılıb həbs olunub. Hollandiyada yaşayan blogger Orduxan Teymurxanın uşaqdan- böyüyə kimi 12 nəfər qohumu Suraxanı polisinə aparılaraq təzyiqlərə və işgəncəyə məruz qalıblar, qohumlarına inzibati həbs cəzası verilib. Eyni aqibətlə Almaniyada yaşayan blogger Tural Sadıqlının ailəsi üzləşib və qardaşı Elgiz Sadıqlı həbs olunub. Hazırda xeyli sayda azərbaycanlı siyasi mühacirlərin avropadakı fəaliyyətlərinə görə onların qohumları Azərbaycanda təzyiqlərə məruz qalır. Polisə çağrılıb hədə- qorxu gəlinir, həbs olunurlar, işdən çıxarılır və hədələnirlər.
    Qohumları təzyiqlərə məruz qalan şəxslərdən bir çoxları qohumlarının təhlükəsizliyi və rifahı üçün bu məlumatların ictimailəşdirilməsini istəmir. Bəzi şəxslərlərlə bağlı detallı məlumatlara nəzər salaq;

    Qənimət Zahid. Hazırda Fransada mühacir həyatı yaşayan “Azadlıq” qəzetinin və Turan TV- nin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidov 2015- ci ildə həbs olunub. Hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1- ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham olunublar.
    Bir sıra yerli və beynəlxalq təşkilatlar qeyd edib ki, Rüfət və Rövşən Zahidovlar qohumları Qənimət Zahidin fəaliyyətinə görə onu susdurmaq və qisas almaq məqsədilə narkotiklə şərlənərək həbs olunublar. Beynəlxalq Amnistiya (Amnesty International) təşkilatı onları vicdan məhbusu elan edib.
    Məhkəmənin hökmü ilə Rüfət Zahidov və Rövşən Zahidovun hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib (https://news.milli.az/country/447319.html). Sonrakı müddətdə onlar Qənimət Zahidlə qohumluqdan imtinaya məcbur edildikdən və ona qarşı çıxış etdikdən sonra (https://www.amerikaninsesi.org/a/qanimat-zahid/3588904.html) azadlığa buraxılıblar.
    Tural Sadıqlı. Geniş izləyici kütləsi olan “Azad söz” səhifəsinin admini, blogger Tural Sadıqlı tənqidi çıxışlarına və 2015- ci ilin fevralın 13-də Berlində dövlət başçısı İlham Əliyevin əleyhinə keçirilən aksiyada iştirak etdiyinə görə onun qardaşı Elgiz Sadıqlı Azərbaycanda polis tərəfindən narkotik ittihamı ilə həbs olunub. O, beynəlxalq reaksiyalardan sonra şərti cəza ilə həbsdən azad edilib. Bu barədə 2015- 2016- cı il Hesabatında Amnesty İnternational təşkilatı yer ayırıb (https://www.amerikaninsesi.org/a/amnesty-international-azerbaycan/3204519.html). Sonrakı müddətdə Tural Sadıqlının fəaliyyətinə və admini olduğu “Azad söz” səhifəsində dərc olunan tənqidi yazılara görə onun atası Əlövsət Sadıqlı dəfələrlə polisə çağrılaraq təhdid edilib.
    18 fevral 2018- ci ildə Tural Sadıqlının atası Əlövsət Sadıqlının Ramana qəsəbəsində yaşadığı ev polislər tərəfindən mühasirəyə alınıb. Evə gələn polislər qardaşı Elgizin onlarla polisə getməsini istəyiblər. Razılıq əldə olunub ki, günün ikinci yarısı Elgiz və atası bir yerdə polisə getsinlər. Lakin razılığa baxmayaraq bir neçə saat sonra onun atası Əlövsət Sadıqlının özünü Bakının Sabunçu rayon 12 saylı polis bölməsinə aparıblar. Onu səhərə qədər polisdə saxlayıb fevralın 19-da saat 11:00-12:00 arası sərbəst buraxıblar. Bu müddət ərzində onunla oğlu Tural Sadıqlının “dövlətçiliyə zidd” fəaliyyəti ilə bağlı suallar veriblər. Ə.Sadıqlının bildirdiyinə görə polis bölməsində aparılan söhbətlərdə T. Sadıqlının yazılarını, Avropada keçirilən aksiyalardakı fotolarını göstərərək bunu dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər.
    Fevral ayının 20- də Tural Sadıqlının Ağdamda yaşayan əmisi Zahir Sadıqovin evinə polislər gələrək onu Ağdam rayon polis şöbəsinə aparıblar. Onu polis şöbəsində səhər saatlarından saat 16:00-ya qədər saxlayıb Tural Sadıqlının fəaliyyəti ilə bağlı danışıqlar aparıb ona qardaşı oğluna təsir göstərməyə məcbur ediblər və sonra sərbəst buraxıblar.
    23 fevral 2018- ci il tarixdə isə işlədiyi yerdən mülki geyimli şəxslər tərəfindən Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı oğurlanaraq naməlum istiqamətə aparılıb (https://www.amerikaninsesi.org/a/hebs/4268785.html). Ailə üzvləri tərəfindən dəfələrlə DİN- nin 102 xidmətinə, Sabunçu Polis İdarəsi, məhkəməyə müraciət edilsə də ondan xəbər tutmaq mümkün olmayıb. Yalnız 4 gün sonra məlum olub ki, Elgiz Sadıqov inzibatı həbs cəzası verilib və o, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasındadır. Bakı Apelliyasiya məhkəməsində məlum olub ki, həbs edilən gün Elgiz Sadıqova məcburi qaydada zor tətbiq edərək narkotika qatılmış çay içirdib ekspertizaya aprıblar ki, onun narkotika istifadəçisi olmasına dair lazımi rəy alısnlar. Məlum olub ki, məhkəmə qərarından sonra da Elgiz Sadıqlı Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilməli olduğu halda qeyri- qanuni olaraq 4 gün Sabunçu polis idarəsində saxlanılıb ağır işgəncələrə məruz qalıb. Dəfələrlə onun bədəninə elektrik cərəyanı buraxılıb və bildiriblər ki, siz (Sadıqlı ailəsi- red.) vətən xainlərisiniz. Vətən xainlərini biz belə edirik. Elgiz Sadıqovun məhkəmədə bildirdiyinə görə onun səhəti ağırdır, daxili orqanlarında güclü ağrılar var. Müayinə və müalicəyə ehtiyacı var.
    Emin Milli. Meydan TV- nin təsisçisi və redaktoru Emin Milliyə təzyiq vasitəsi ilə onun qaynı Nazim Ağabəyov 2015- ci ilin iyul ayının 27- də saxta narkotika ittihamı ilə şərlənərək həbs olunub. O, informasiya texnologiyası üzrə mütəxəssisdir. Emin Milli baş verənlərin onun və Meydan TV-nin susdurulması üçün edildiyini bildirib. Qeyd edib ki, hətta onu, eləcə də bütün ailə üzvlərini öldürsələr belə o dayanmayacaq (http://arqument.az/az/emin-millinin-qayn-hebs-olundu/).
    Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsi vəkil Adil İsmayılov müdafiə edib. O, çıxışında Nazim Ağabəyovun heç zaman narkotik maddədən istifadə etmədiyini bildirib və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Nazim Ağabəyov məhkəmədə bildirib k, heç zaman cinayətkar olmayıb: "20 ilin mütəxəssisiyəm. Evimdə xəstə uşağım var. Heç bir zaman narkotik maddələrin dövriyyəsi ilə məşğul olmamışam. Nə siqaret, nə də spirtli içli istifadəçisi deyiləm. Məni tutmağınızın səbəbi Emin Millidirsə onunla əlaqəm yoxdur, heç zaman müxalifətçi olmamışam. Hər zaman dövlətimi dəstəkləmişəm. Vergimi vermişəm. Bəraət çıxarılmasını istəyirəm". Dövlət ittihamçısı məhkəmədən Nazim İbrahimovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də hakimlər kollegiyasının qərarı Cinayət Məcəlləsinin 234.4.3 - cü( külli miqdarda narkotk) maddəsi 234.1 (narkotik vasitə) maddəsi ilə dəyişdirilib. 70-ci maddə ( şərti cəza ) tədbiq edilərək 2 il müddətinə şərti olaraq cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.
    Emin Milli bildirib ki, onun həyat yoldaşının ailəsi təhdid altındadır. Onun özü də ölümlə təhdid olunub. O bildirib ki, bütün baş verənlər onu və rəhbərlik etdiyi Meydan TV- ni susdurmaq üçündür.

    Günel Mövlud. Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşı Vəkil İmanov Biləsuvar rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, Günel Mövludun qardaşları 2015- ci il oktyabrın 15-də narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs ediliblər. Oktyabrın 13-də Vəkil İmanov Biləsuvarda, qardaşı Raci İmanov isə Sumqayıt şəhərində tutulub. Hər ikisi narkotik maddə ittihamı ilə saxlanılıblar. Günel Mövlud qardaşlarının həbsini özünün Meydan TV-dəki fəaliyyəti ilə əlaqələndirir.
    Jurnalistin atası Vəzir İmanov bildirib ki, Günel Mövluda görə ona işdən çıxması üçün də təzyiqlər edilib: "Cəbrayıl rayon diaqnostik kabinetinin laborantı idim. Təzyiq etdilər, işə icra hakimiyyəti və Kənd təsərrüfatı nazirliyi də qarışdı. Mən də ərizə yazdım ki, səhhətimlə bağlı istefa edirəm. Heç bilmirəm qızım nə edib ki, bu təzyiqlər var".
    Həbslərin valideynlərinin səhətinə çox pis təsir etdiyini deyən jurnalist "öz işinə" davam edəcəyini də əlavə edib; "İstəyirlər ki, “Meydan TV” ilə əməkdaşlıq edən olmasın. Qohumlar vasitəsilə təzyiq edirlər. Mən “Meydan”- dan, Emindən, “Meydan”- la əməkdaşlıq edən insanlardan imtina etməyəcəm, uzaqlaşmayacam. Başqa cür yaşamağı sadəcə bacarmıram".
    Son illər Meydan TV ilə əməkdaşlıq edən bir neçə jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindiriliblər.
    Meydan TV-nin rəhbəri Emin Millinin qohumları dövlət başçısı İlham Əliyevə müraciət edərək, ondan "imtina etdiklərini" bildiriblər. Emin Milli bu halı qohumlarına təzyiq edilməsi ilə əlaqələndirib.

    Elşad Abdullayev. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev “mandat alveri” və qardaşı Mahir Abdullayevin oğurlanması cinayəti ilə bağlı bir sıra məmurların ifşası ilə nəticələnən gizli çəkdiyi videoları ictimailəşdirdikdən sonra onun yaxınlarına və ailə üzvlərinə qarşı açıq təzyiqlər başlayıb. Onun qardaşı oğlu, Qarabağ döyüşlərinin iştirakçısı Mübariz Abdullayev 10 il müddətə azadlıqdan məhrum edilib. Bir sıra hüquq- müdafiə təşkilatları onu girovluqda olan siyasi məhbus elan edib. Sabiq rektorun bəzi qohumları, onun Azərbaycandakı qanuni nümayəndəsi Azad Mursaliyev və digərlərinin isə ölkədən çıxışı qadağan edilib. Özünün bildirdiyinə görə digər qardaşı, beynəlxalq hüquq üzrə elmlər namizədi Eldəniz Abdullayevi Ramiz Mehdiyevə məxsus “Qurd qapısı” restoranında zəhərləyiblər və nəticədə əmək qabiliyyətini itirib.
    Elşad Abdullayev bildirir ki, qardaşı Mahir Abdullayevin oğurlanması cinayəti ilə bağlı yazıları və tələbləri təkrarlandıqca hakimiyyətə yaxın mətbuat orqanlarında onun və ailə üzvlərinin ünvanına mütəmadi olaraq böhtanlar və təhqir dolu yazılar dərc olunur; “Təsisçisi və redaktoru olduğum Avropaninsesi.com saytının Azərbaycana girişi bloklanıb. Vaxtilə rəhbəri olduğum Azərbaycan Beynəlxalq Universitetinin məni müdafiə edən məzun və müəllimləri davamlı şəkildə təzyiqlərə məruz qalırlar”.
    Orduxan Teymurxan. 18 fevral 2017- ci ildə Almaniyanın Köln şəhərində "Qarabağa və siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilən aksiyada Hollandiyada yaşayan azərbaycanlı bloger Orduxan Teymurxanın tənqidi çıxışından dərhal sonra onun Bakıda yaşayan bütün qohum- əqrəbası kütləvi şəkildə Suraxanı rayon Polis İdarəsinə aparılıb. Hətta qızdırma içində olan 2 yaşlı körpə Selcan da "rəislə söhbət" adıyla polisə aparılıb və İdarədə saxlanılıb. 18 fevralda bloggerin 12 nəfər qohumu axşamdan səhərə qədər Polis İdarəsində saxlanılıb. Onlara yatacaq, su- şörək belə verilməyib. Onlar bu şəxslər olub:
    1. Dadaşov Xanlar
    2. Bəbirsoy Şakir
    3. Əliyeva Zəhra
    4. Əliyev Möhübbət
    5. Əliyev Elnar
    6. Zeynalova Rübabə
    7. Zeynalov Səbuhi
    8. Əliyeva Südabə
    9. Ağayeva Sədaqət
    10. Nəzərli Xumar
    11. Nəzərli Selcan
    12. Ağayev İlqar
    19 fevralda isə qadınlar sərbəst buraxılıb, qalanlar polisdə saxlanılıb. Onlardan Orduxan Teymurxanın tənqidi çıxışlarını dayandırması tələb olunub. Daha sonra isə bloggerin qardaşı Şakir Bəbirsoy olmaqla digərləri sərbəst buraxlsa da, onun 2 qohumu- böyük qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalov saxlanılıb. Polisə müqavimətdə ittiham olunaraq onların hər birinə məhkəmə tərəfindən 30 sutka inzibati həbs cəzası verilib. Hadisədən 2 gün sonra Xanlar Dadaşov işdən azad olunub.
    Bu hadisələrdən 1 il sonra- 17 fevral 2018- ci ildə Orduxan Teymurxanın Bakıda yaşayan bacılarının evinə polislər gələrək onların övladlarını axtarıblar və onları həbs ediblər. Bloggerin iki bacısı oğluna Səbuhi Zeynalov və Tural Əliyevə Suraxanı Məhkəməsinin qərarı ilə hər birinə 30 sutka inzibati həbs cəzası verilib. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polisin qanuni tələblərinə qəsdən tabe olmamaq) günahlandırılıblar. Onların məhkəmə qarşısına Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib olunmuş protokol əsasında çıxarıldığı bildirilir.
    Bloggerin böyük bacısının oğlu Elnar Əliyevdən isə uzun müddət xəbər çıxmayıb. Polis harada saxladığı haqda heç bir məlumat verməyib. 19 fevralda Orduxan Teymurxanın bacıları və ailə üzvləri mətbuat qarşısına çıxardılaraq ondan imtina etdiklərini bir daha bildiriblər (https://www.youtube.com/watch?v=dhPqWjV1IrQ).
    Orduxan Teymurxanın bütün qardaşları- Bəbir Bəbirsoy, Xanlar Dadaşov və Şakir Bəbirsoy iş yerlərini itirərək və ya işdən çıxarılaraq diksriminasiya, təzyiq və məcburiyyət qarşısında qalaraq ölkəni tərk ediblər.
    Riyad Əliyev- Təfəkkür Universitetinin sabiq prorektoru Riyad Əliyev 2014- ci ilin avqust ayında ölkəni tərk edərək Almaniyaya mühacirət edib. Orda "Azereurotimestv" adlı sayt təsis edib. Həmin saytda Azərbaycan rəhbərliyi kəskin tənqid edilir. Məhz bu səbəbdən də saytın Azərbaycanda yayımlanması bloklanıb. O, eyni zamanda facebook hesabından ölkədəki hökm sürən qanunsuzluq, monorxiya qurluşunu və korrupsiya hallarını tənqid edir. Onun tənqidi çıxışlarından sonra qardaşı Renat Əliyevə və digər qohumlarına dəfələrlə xəbərdarlıq olunub ki, Riyad Əliyev dövlətçilik əleyhinə çıxışlar edir, dayandırsın. Lakin bu xəbərdarlıqlar nəticəsiz olduğundan onun qardaşı, karate üzrə ikiqat Avropa çempionu Renad Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. 2017- ci il mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Renadın üzərindən narkotik tapıldığı iddia olunur. Amma Renad Əliyev özünü təqsirli bilmir. Deyir ki, o, qardaşının Azərbaycan hökuməti haqda tənqidi fikirlərinə görə sifarişlə şərlənərək həbs olunub. 2015-ci ilin yayında Bakıda keçirilən Birinci Avropa Oyunlarında karate üzrə hakim kimi iştirak etdiyini deyən Renad Əliyev necə həbs olunması haqda bunları söyləyib: «Dostlarımla kafedə oturmuşduq. Kafedən çıxanda 3 nəfər mənə yaxınlaşdı, maşına oturdub Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Orada dedilər ki, guya üstümdən narkotik çıxdı. Əlbəttə ki, yalan idi». «Ölkəni təmsil edən idmançı niyə şərlənməli idi?» – hakimlər bu sualı verəndə R.Əliyev səbəb kimi xeyli vaxtdır Almaniyada yaşayan qardaşı Riyad Əliyevin müxalifyönlü mövqeyini, Azərbaycan hökumətinin ünvanına tənqidi fikirlərini göstərib: «Hətta həbsimdən əvvəl mənim özümə də demişdilər ki, «qardaşına çatdır, özünü yığışdırsın. Əks halda, sizin üçün yaxşı olmayacaq». Bunu deyənlərə cavab verdim ki, mənim qardaşımla heç bir əlaqəm yoxdur. Dediklərini də elədilər...». Riyad Əliyev bildirir ki, Azərbaycan hakimiyyəti onun barəsində beynəlxalq axtarış elan etmişdi. Amma ötən ilin yanvarında «Interpol» onun axtarışını dayandırıb.
    Riyad Əliyev Azərbaycanda yaşayan bəzi qohumlarının ona görə işdən çıxarıldığını, bəzilərinin isə ondan imtinaya məcbur edildiyini bildirir.

    Nadir Məmmədov. Naxçıvan Muxtar Respublikasında şəxsi sahibkarlıq fəaliyyətilə məşğul olmuş Nadir Məmmədov siyasi fəallığına görə dəfələrlə təzyiq və işgəncələrə məruz qalıb, həbsə məhkum olunub. Özünün bildirdiyinə görə 2010- cu ildə keçirilən parlament seçkilərindən bir neçə ay sonra 2011- ci ilin aprel ayında Naxçıvan MR-nin daxili işlər naziri Əhməd Əhmədov tərəfindən ağır işgəncəyə məruz qalıb; “Saxta ittihamla- yol hərəkəti qaydasının pozulması adıyla saxlanılaraq, əslində Muxtar respublikada baş verən özbaşınalığa və korrupsiya hallarına etiraz etdiyim üçün Ə.Əhmədovun göstərişilə və birbaşa iştirakıyla səhərə qədər onun iş otağında işgəncəyə məruz qalmışam. Belə ki vəhşicəsinə döyülərək sol və sağ əllərimin dirnaqlarını kəlbətinlə çıxararaq bir daha polislərdən şikayət etməməyimi və Naxçıvanı tərk etməyimi tələb ediblər. Və məni buraxanda arxamca nəzarətçi salaraq ictimai fəal Elman Abbasovu döyməyimi tapşırdılar. Mən isə polisdən çıxan kimi gecə ikən Bakıya gəlib RATİ- də mətbuat konfransı keçirərək baş verənləri ictimaiyyətə açıqladım (www.youtube.com/watch?v=HqjzXkG7uYk), (https://www.youtube.com/watch?v=OqS04hL1NZI)”.
    Özünün bildirdiyinə görə bundan sonra ona qarşı təzyiqlər Naxçıvanda mütəmadi xarakter aldı; “Yaxın qohumum, Məmməd Qurbanovla birlikdə olan biznesimizi hədəfə aldılar. Bu işin arxasında Naxçıvanın siyasi rəhbərliyi, o cümlədən Vasib Talıbovun bacısının yoldaşı Fəxrəddin dayanırdı. 2012- ci ilin dekabrın 8- də Məmməd Qurbanovla birgə həbs olunduq və dəfələrlə hər ikmiz işgəncə aldıq. Sədərəkdə polis bölməsində qarlı havada bayırda üstümüzə su töküb bizi döyərək işgəncə veriblər. Ailəmizdən və müdafiəçilərimizdən gizli saxlayıblar. Bu hal 5 gün davam edib və bizə yemək, su belə verməyiblər. Cinayət Məcəlləsinin 221.3 və 315.2- ci maddələri ilə ittiham olunaraq 4 ay 19 gün həbsdə qaldıq.
    Həbsdən sonra da müstəqil fəaliyyətimizi davam etdirərək Muxtar Respublikada və Azərbaycanda baş verən neqativ hallarla bağlı mətbuatı və hüquq müdafiə təşkilatlarını daim məlumatlandırmışam.
    Artıq Bakıda da təhlükəsiz yaşamağın qeyri-mümkün olduğunu görüb 2016-cı ilin iyun ayında ölkəni tərk edib Çexiyaya, oradan da Almaniyaya gəldim. Dublin protokoluna görə Çexiyaya göndərildim. Mənə qarşı burada da təzyiqlər olduğundan yerli polis orqanlarına müraciət etdim. Belə ki, sosial media vasitəsilə Çexiyada yaşayan bir qrup azərbaycanlı məni təhdid etmiş, Vasif Talıbovun hüzuruna göndərəcəklərilə bağlı mənə hədə- qorxu gəlmişlər. Özünü Çexiya Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edən Zamiq Məmmədli məni deport etdirəcəyini bildirmişdir. Vasif Talıbov, Əhməd Əhmədov və eləcə də Azərbaycan hakimiyyətinin digər yüksək vəzifə nümayəndələri külli miqdarda yatırımlarla Çexiyada güclü biznesə sahibdirlər və onların Çexiya hökumətinin bəzi nümayəndələri ilə isti münasibətləri var. Bütün bunlardan sonra məcbur olub yenidən Almaniyaya qayıtdım.
    Mühacirətdə olduğum müddətdə facebook hesabımdan vaxtilə mənə işgəncə vermiş Əhməd Əhmədovun və bu işgəncənin sifarişini verən Vasib Talıbovun ünvanına tənqidi fikirlər səsləndirdiyimə görə 2017-ci ilin oktyabrın əvvəllərində qardaşım Kərəm Məmmədov və anam Zülfinaz Məmmədova polisə çağırılmış və təhdid olunmuşlar. Onlardan tələb edilmişdir ki, Nadir Məmmədov geri qayıtsın, ölkənin və Muxtar Respublikanın vəzifəli şəxsləri haqqında tənqidi fikirlər yazdığına görə cavab versin. Buna görə də qardaşım K.Məmmədovdan ölkəni tərk etməmək haqqında yazılı iltizam alınmışdır. Digər qardaşım Qadir Məmmədov Azərbaycandan çıxaraq Türkiyəyə getməyə məcbur olmuşdur.
    “Biz Almanıyaya gəldikdən 2 həftə sonra baldızımı, yəni Məmməd Qurbanovun qızını Aynürə Qurbanovanı “Banditizm”- ə aparıb 5 saat saxlayıb 12 yaşlı qızı ilə hədələyiblər ki, Məmməd və Nadir bura gəlməsə sizi daha pis şeylər gözləyir. Təzyiqlər hələ də davam edir. Səbəb indiki hakimiyyətlə barışmamağımızdır. Varımızı, yoxumuzu əlimizdən alıb bizi ölkəmizdən didərgin salanları tənqid etdiyimizə və Almaniyada siyasi məhbuslarla bağlı keçirilən aksiyalarda iştirak etdiyimizə görə Azərbaycanda olan qohumlarımızı incidirlər. Və hal- hazırda da bu təzyilər davam edir”.
    Məmməd Qurbanov. Naxçıvanda bizneslə məsğul olub. Tənqidi fikirləri ilə seçilib və 2012- ci ildə müxalifətin yaratdığı İctimai Palatanın üzvü olub. Bildirdiyinə görə dəfələrlə siyasi sifarişlə maddi, mənəvi və fiziki təzyiqlərə məruz qalıb. 08 dekabr 2012 ci il tarixində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talibovun sifarisi ilə şərlənərək Azərbaycan Respublikasının CM-nin 221.2.1- ci və 315.1-ci maddələri ilə 4 il muddətinə həbs edilib. Hüquq- müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb. Avropa səfir və nümayəndələri iş adamının həbsi İlə bağlı Naxçivana səfər etmişlər, onun azad olunması ilə bağlı Vasif Talıbovla danışıqlar aparmışlar. Məmməd Qurbanovla təcridxanada görüşmək istədiklərini bildirmişlər, lakin buna nail ola bilməmişlər. Məmməd Qurbanovun ailə üzvləri ilə görüş keçirmişlər (https://www.azadliq.info/27296.html). Sonradan Avropa nümayəndələrinin Azərbaycan dövlət başçısı ilə danışıqlarının nəticəsində 4 ay 19 gündən sonra, iş adamı Məmməd Qurbanovun 2 il şərti işlə, kürəkəni Nadir Məmmədovun isə 3 il sərti işlə azadliğa buraxılmasına nail olmuşlar. Məmməd Qurbanov bildirir ki, Vasif Talibovun bacısınin əri Fəxrəddin tərəfindən onun biznes işinə əl qoyulmuşdur; “40 min dollarliq Toyota Kamri minik maşınımı yandıraraq yararsiz hala salmışlar. Kulli miqdarda mallarımı əlimdən alıb mənimsəmişlər. Təzyiqlər ucbatından ailəmlə birlikdə Naxcıvanı tərk edərək Bakı şəhərinə daşındım, amma yenə də mənə və ailəmə qarşı təzyiqlər davam etdi. Məcbur olub ölkəni tərk etdim. Hal-hazırda Almaniyaya siyasi qaçqın kimi sıgınmışam. Mənim burdakı ictimai- siyasi fəaliyyətimə görə ailə üzvlərimə Azərbaycanda ciddi təzyiqlər var. Son zamanlar qızım Aynurə Qurbanova və həyat yoldaşım Fəridə Qurbanova dəfələrlə Bakı şəhərində “bandotdel”- lə aparılıb, təhdid və təzyiqlərə məruz qalıblar. Həmcinin Vasif Talıbovun Avropadakı muzdlu adamları tərəfindən Azvision.az saytına təxribatcı yazılar yazıb paylaşaraq özümün və kürəkənim Nadir Məmmədovun ailəsinin Avropada siyasi oturum almağımızı əngəlləmək ucun maneələr yaratmışlar (https://azvision.az/news/109947/news.html). Almaniyanın Berlin şəhərində, Köln şəhərində, Dusseldorf şəhərində Azərbaycan hakimiyyəti əleyhinə keçirilən aksiyalarda iştirak etdiyimə görə, diktator İlham Əliyevin portretini tərs tutduğuma, onu ayaqları altına atdığıma, portretini yandırıb, videosunu facebook səhifəmdə davamlı paylaşdığıma, hakimiyyət əleyhinə yazdığım kəskin statuslara görə ailəmə, yaxınlarıma dəfələrlə təzyiq edilib.
    2017- ci il dekabr ayının ortalarında qızımı 2 gün “banditizm”- ə aparıb gətiriblər. Yenə eyni sözlərlə hədələmişlər. Qızımın iş yerinə tapşırıblar ki, atası tənqidi çıxışlarını dayandırmasa onu işdən çıxaracaq və atasını da ölkəyə gətirib həbs edəcəklər”.
    06 fevral 2018- ci il tarixdə Berlində "Siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilən aksiyanın fəal iştirakçılarından olduğuma görə həyat yoldaşım Fəridə Qurbanova DİN Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb (http://xebername.info/siyasi-muhacir-m%C9%99mm%C9%99d-qurbanovun-h%C9%99yat-yoldasi-polis%C9%99-aparildi/). Ondan idarədə soruşublar ki, ərin və kürəkənin niyə xaricdə İlham Əliyevin və Vasif Talıbovun əleyhinə danışırlar? Hədələyiblər ki, səni narkotika ilə həbs edərik. Fəridə Qurbanova 3 saat adı çəkilən İdarədə saxlandıqdan sonra sərbəst buraxılıb. Ona xəbərdarlıq ediblər ki, ərin və kürəkənin bir də İlham Əliyevin əleyhinə danışsa səni həbs edəcəyik”. Yeri gəlmişkən bildirim ki, haqqımda olan qanunsuz məhkəmə hökmü və dəyən maddi ziyanla bağlı Avropa Məhkəməsində kürəkənim Nadir Məmmədovla birgə 2 şikayətimiz var”.
    Məlumat üçün bildirək ki, 06 fevralda Berlində keçirilən aksiyada "İlham Əliyev diktatordur", "Siyasi məhbuslara azadlıq" və s. şüarlar səsələndirilib. Heydər Əliyevin plakatı aşırılıb. Məmməd Qurbanov həmin aksiyada iştirak edib şüarlar səsləndirib.
    Əmirova Könül İmayət qızı. Azərbayacn Demokratiya və Rifah Hərəkatının üzvü olan Könül Əmirova 08 dekabr 2016- cı ildə Avropaya gəlib. Özünün bildirdiyinə görə “ölkədə olan haqsızlıqdan, idarələrdə süründürməçilikdən və hakimiyyətə qarşı olduğuma görə polislərlə daima problem yaşayırdım. 2017- ci il yanvar ayının 18- də Berlində Azərbaycan səfirliyinin qarşısında keçrilən aksiyadan bu günə qədər bütün aksiyalarda iştirak etməyə çalışmışam. Xalam Sevinc İsgəndərova ilə birlikdə Bonda BMT- nin binasının qarşısında “Diktaturaya son, siyasi məhbuslara azadlıq!” aksiya təşkil etmişdik. Bu aksiyalardan sonra qohumlarıma polis tərəfindən təzyiqlər başlanılıb. Mənim burada mitinqlərdə iştirak etməməyimi, hakimiyyət əleyhinə yazılar yazmamağımı istəyirlər. Məcburiyyət qarşısında qalıb bəzi qohumlarım işlərini itirməməyinə görə bir neçə dəfə mənə mesaj da göndərmişlər. Hətta ona görə nömrəmi dəyişmişəm.
    Atam Əmirov Himayəti işlədiyi Hökməli qəsəbəsindəki orta məktəbdən 2017- ci ildə noyabr ayında işdən azad ediblər. Atam təxminən 15 ildən çox olar ki orada təlim- tərbiyə üzrə direktor müavini işləyirdi. Atama, qohumlarıma əvvəllər də təzyiqlər var idi. Amma indi avqust ayında mənim və xalam Sevinc İsgəndərova ilə birlikdə təşkil etdiyimiz aksiyadan sonra bu təzyiqlər daha güclənib. Nəhayət, atamı MTN- ə və polisə aparıblar. Orada mən mitinqdə "rədd olsun İlham Əliyev" dediyimi göstəriblər və deyiblər ki mən və xalam ermənilərə işləyirik. Ona görə də işdən azad ediblər. Atamın 69 yaşı var bu il 1 illik müqavilə bağlayıb onu həmin vəzifəsində saxlamışdılar. İndi məcbur edirlər ki könüllü ərizə yazsın. Yaşı ilə əlaqədar. Başa düşmürəm iki aya neçə artdı atamın yaşı? Deyiblər ki susmasam mənim və atamın yaşadıqları evlər sənədsizdir, onları geri alacayıq. Artıq 15 ildi mən, valideynlərim isə bəlkə də 20 il olar Bakıda Xirdalan şəhərində yaşayırlar. İndi evlərimizin sökülməsi ilə də hədələyiblər. Əmim qızı vəzifədə çalışır. Atamdan sonra onu çağırıb axrıncı xəbərdarlıq ediblər (bundan öncə də bir neçə dəfə xəbərdarlıq etmişdilər- K. Ə.) Mənim susmayacağım təqdirdə onu da işdən çıxardacaqlarını bildirirlər. Onlara bildirmişəm ki, gedin mənimlə qohumluqdan imtina edin.
    Xalamla mənim təşkilatçı oldğumuz 29 avqust 2017- ci ildə Bonda BMT- nin qərargahı qarşısında keçirdiyimiz aksiyadan sonra dayım İsgəndərov Müşfiq İsmi oğlu işlədi yerdən çıxarılıb. O hazırda ölkəni tərk edə bilmir, polis onu axtarır və o gizlənir”.
    Seyidli Camal Mirqafar oğlu- 07.02.1984- ci ildə Naxçıvan şəhərində anadan olub. Heç bir siyasi təşkilatın üzvü olmasa da ictimai- siyasi proseslərdə fəal iştirak etdiyini bildirir. Qeyd edir ki, 2016- cı ilin avqust ayında Almaniyaya mühacirət edib. Getmə səbəbini onunla izah edir ki, 2002- ci ildə YAP hakimiyyətinin şərinə qurban gedərək azadlıqdan məhrum edilərək həbs edilib. 2004- cü ildə azadlığa cıxdıqdan sonra YAP hakimiyyətinin təzyiqləri davam etmiş və dəfələrlə qeyri- qanuni şəkildə sutkalarla polis bölmələrində saxlanılaraq işgəncələrə məruz qalıb. Səbəbsə ölkədəki özbaşınalığa və korrupsiyaya, monopoliyaya qarşı çıxaraq xalqı bu rejimə qarşı qaldırmaqla məsğul olması olub. Camal Seyidlinin atası və qardaşı uzun müddətdir ki, AXCP üzvüdürlər. Bildirir ki, “ölkədən çıxmağıma da səbəb ikinci dəfə uzun müddətli həbs olunacağımı bilib ölkəni tərk etdim. Almaniyada bir çox mitinqlərə qatılaraq ölkədəki siyasi məhbuslara azadlıq tələb etmişəm. Facebook səhifəmdə hakimiyyətə qarşı tənqidi yazılarıma görə ölkədə qardaşımı iki dəfə polis orqanlarına apararaq hədə- qorxu gəliblər məni susdurmaq üçün. Qardaşım Cəlal Seyidliyə təzyiqlər olunur.
    Atam Seyidli Mirqafar Mirsəməd oğlu AXCP- nin üzvüdür. Atam demək olar ki ölkədə keçirilən bütün mitinqlərdə iştirak edib. Qardaşım Cəlal Seyidli Naxçıvanda yaşayır hal- hazırda, amma bir müddət Bakıda atamla bir yerdə qaldığı müddətdə bir çox mitinqlərdə iştirak edib. AXCP Naxçıvan şəhər şöbəsinin uzun müddətdir ki fəal üzvüdür, atam da həmçinin. Ölkədə bir çox mitinqlərdə iştirak etmişəm və ölkədə təhsil nazirliyinin önündə hicaba qarşı keçirilən mitinqdə polislər tərəfindən polis bölməsinə aparılaraq işgəncələrə məruz qalmışam.
    Mənə görə ən çox qardaşım Cəlal Seyidli təzyiqlərə məruz qalıb. Onu 2017- ci ilin yay aylarında bir neçə dəfə polisə aparıb təzyq ediblər. Bildiriblər ki, “qardaşın sussun, tənqid edir hakimiyyəti”. Axırıcıncı dəfə 05 dekabr 2017- ci ildə DİN əməkdaşları gəlib işdən aparıblar onu nazir müavini Qaçay müəllimin yanına. 5- 6 saat polisdə saxlayıb sənədlərini alıblar. Bildiriblər ki, qardaşın sakit dursun, danışmasın. Facebook- da yazdığım tənqidi statuslara görə onu polisə aparıb incidiblər. Eyni zamanda doğma əmim oğlu Mir Səidə zəng edib hədə- qorxu gəliblər. Bakıda yaşayan atam Mirqafar Seyidliyə DİN- dən zəng edib hədə- qorxu gəliblər. Qohumlarıma təhdid ediblər ki, məndən imtina etsinlər.
    Camal Seyidlinin yeznəsi Aydın Məmmədovu 20 fevral 2018- ci ildə polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə həbs edərək ona 30 sutka inzibati həbs cəzası verilib. C. Seydili bildirib ki, yeznəsini onun siyasi fəalığına və facebook səhifəsində yazdığı tənqidi statuslara və Almaniyanın Bonn şəhərində BMT- nin binası önündə keçirdiyi aksiyaya görə həbs olunub.
    Sevinc İsgəndərova. “Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyasının üzvü, Demokratik Təsisatlar və İnsan Hüqüqları ictimai birliyinin sədr müavini, Qadın Passiyentlərinin Hüquqlarını Müdafiəsi İctimai Birliyinin, eyni zamanda "Demokratiya Naminə Vətəndaş Təşəbbüsləri" İctimai Birliyinin sədri Sevinc İsgəndərova Azərbaycandakı siyasi təzyiqlərlə əlaqdar olaraq Almaniyaya mühacirət edib. Bildirdiyinə görə ictimai fəaliyyətinə görə dəfələrlə hüquq- mühafizə oqranlarına çağrılıb və təzyiqlərə məruz qalıb; “Demokratik Təsisatlar və İnsan Hüquqları İctmai Birliyindəki fəaliyyətimə, eyni zamanda həbsdə olduğu müddətdə hüquq müdafiəçisi Leyla Yunusun müdafiəsinə qalxdığım üçün dəfələrlə hüquq mühafizə orqanlarına çağrılmışam. Hal- hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı Avropa Məhkəməsində iki şikayətim var. Qadın Passiyentlərinin Hüquqlarını Müdafiəsi İctimai Birliyi ilə bağlı kommunikasiyasi başlanıb.
    "5- ci kalon”-un üzvləri siyahısına daxil edilmişəm. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən yerli QHT-lər və beynəlxalq donor təşkilatlara qarşı başlanan cinayət işilə əlaqədar olaraq Demokratik Təsisatlar və İnsan Hüqüqları ictimai birliyinə görə məni sorğu- sual ediblər. Belə ki, mən təşklatın layihə rəhbəri olmuşam. Hal- hazirda saxta ittihamla mənə qarşı 20 min manatdan artıq vergi cəriməsi kəsilib və bu sənəddə öz əksini tapıb.
    2014- cü ildə yerli QHT- lərə qarşı qaldırılan cinayət işi ilə əlaqədar təşkilatın bank hesabına həbs qoyuldu, layihələr dayandırıldı və təşkilatımıza qarşı absurd vergi cəriməsi tətbiq olundu. Mən məcbur olub 2016-ci ilin fevral ayında ölkəni tərk edərək Almaniyaya mühacirət elədim. Hal- hazırda burada keçirilən kütləvi aksiyalarda, müxtəlif toplantılarda iştirak edir və sosial şəbəklərədə fəaliyyətimi davam etdirirəm. Həyat yoldaşım Rafiq Həsən AXC-Musavat hakimiyyəti dövründə Yevlax rayon icra hakimyyətinin başçısı işləyib. Qarabag döyüşçüsüdür və artıq 25 ildir işsizdir. 1-ci qrup əlildir.
    Almaniyadakı fəaliyyətimə son qoymaq üçün qarşdaşıma bir neçə dəfə yerli hüquq mühafizə orqanları və yerli icra orqanları tərəfindən xəbərdarlıq edilib. 29 avqsut 2017-ci ildə Almaniyanin Bonn şəhərində BMT-nin ofisi qarşısında “siyasi məhsbulara azadlıq” adı atında keçirilən aksiyadan sonra yaxın qohumlarıma təzyiqlər başlayıb və hökümət qəzetləri mənim əleyhimə kampaniya aparır və mənə və ailə üzvlərimə qarşı aşaglaycı sözlər yazıblar. Qızım Zöhrə Həsən 18 yanvar 2017-ci ildə Berlin mitinqdə iştrak etdyinə görə "Səs" və “Kaspi” qəzetlərində “Azərbaycana dönük çıxanlar” adlı yazıda (http://kaspi.az/az/azerbaycana-dnuk-cixanlar/) onu vətən xaini adlandırmagdan belə çəkinməyiblər.
    Qardaşım Müşfiq İsgəndərovu dəfələrlə polisi axtarıb, onu polisə gəlməsini tələb ediblər. Amma o polisə getməyib (http://www.contact.az/ext/news/2017/12/free/Social/az/67447.htm). O, Atıcılıq Mərkəzində işləyirdi. Bizim Almaniyada keçirdiyimiz aksiyadan sonra bizi əsas gətirərək 2017- ci ilin sentyabrında onu işdən azad etdilər. Digər qohumlarımıza qarşı təzyiqlər davam edir”.
    Şirəliyev Elmir Hüseyn oğlu Bildirdiyinə görə ölkədə olduğu müddətdə aktiv Facebook istifadəçisi olub; “2013- cü ildə tənqidi fikirlərin və video süjetlərin yer aldığı "Azərbaycandakı Azərbaycan" səhifəsini yaradaraq ölkədə baş verən haqsızlıqları paylaşmışam. Buna görə 2014- cü ildə bir neçə dəfə polis bölməsinə çağırılıb xəbərdarlıq almışam. Sonra gördüm ki, ölkədə ictimai siyasi vəziyyət pisləşir və mənim Facebook səhifəm hökümətin xakerləri tərəfindən bağlanıldı. Həbs oluna biləcəyimi düşünərək 2014- cü ildə ölkəni tərk etdim. Avropaya gəldikdən sonra da fəaliyyətimi davam etdirdim. "Korrupsiyaya “yox” de" və yenidən yaratdığım "Azərbaycandakı Azərbaycan" səhifələrinin adminiyəm. 2017-ci il 28 oktyabr tarixində Almanıyanın Ludwigshafen şəhərində mən və qardaşım (Şirəliyev Emin Hüseyn oğlu) “Siyasi məhbuslara azadlıq və diktaturaya son!” aksiyasını təşkil etdik. Oktyabr ayının 26- da atam Şirəliyev Hüseyn Şirməmməd oğlu Hacıqabul rayon polis şöbəsinə aparılıb və bizim bu aksiyanı keçirəcəyimiz təqdirdə qohumlarımıza basqılar olacağı barədə xəbərdarlıq ediblər. Biz 28 oktyabrda öz aksiyamızı keçirdik və bundan sonra atama basqılar artdı. Qohumlarımı işdən azad elədilər. Həyat yoldaşım Fizuli rayonundan məcburi köçkün olduqları üçün bizim Almaniyada keçirdiyimiz aksiyadan sonra onun ailə üzvlərinə (cəmi 9 nəfərə- red.) dövlət tərəfindən verilən yardım kəsilib. Həyat yoldaşımın hərbi sahədə işləyən 2 qohumu işdən çıxarılıb.
    Hakimiyyətə yaxın mətbuat orqanlarında mənim və ailəm haqqımda böhtan xarakterli yazılar dərc olunmağa başlanıldı. Məsələn, "Olaylar" qəzeti və digər saytlarda (http://olaylar.az/news/siyaset/242603) "Kriminal ailənin demokrat uşaqları" adları yazı dərc olundu (http://www.aznews.az/news/siyaset/154720.html). Bizim oktyabrın 28- də Almanıyada təşkil etdiyimiz aksiya bunları çox qıcıqlandırıb. Amma yəqin bunlara orta məktəbdə vətən sevgisi aşılamayıblar. Qarabağ qazisinin, Qarabağ köçkününün haqqını yeyən bir hakimiyyətdə vətən sevgisi necə olmalıdır? Atam qanunu pozub və cəzasını çəkib. Mənim atam qonşu ölkələrdən adam oğurlamayıb. Mənim atam heç kimin cibinə narkotik maddə ataraq həbs etməyib. Mənim atamın övladı avtomobil ilə heç kimin üzərindən keçməyib. Mənim atam müxalifətin mitinqinə gedən insanları həbs etməyib...”
    Elmir Şirəliyev bildirir ki, Almaniyada Berlin və Bonn (06 fevral və 14 fevral 2018- ci il- red.) mitinqindən sonra 17 fevral 2018- ci ildə Hacıqabul rayon sakini bacım Şirəliyeva Aynurun həyat yoldaşı, ev təmiri işləri ilə məşğul olan yeznəm Abuzərov Abdulla Səməd oğlu Bakı şəhərində polislər tərəfindən saxlanılıb və Hacıqabul rayon polis bölməsinə gətirilərək 30 sutka inzibati həbs cəzası alıb.
    Elmir Şirəliyev bildirir ki, onun qohumlarına xəbərdarlıq edirlər ki, biz Almaniyada fəaliyyətimizi dayandırmasaq daha ciddi tədbirlərə əl atacaqlar.
    Xudiyev İntiqam Səmədağa oğlu. “Avropa Demokratik Dəyərlərinin Təbliği Mərkəzi” İctimai Birliyinin sədridir. Rəhbəri olduğu təşkilatın dövlət qeydiyyatına allınması ilə bağlı Avropa Məhkəməsinə müraciət olunub. Ölkədə olan təzyiqlər ucbatından 2016- cı ilin iyun ayında Almaniyaya mühacirət edib. Bildirdiyinə görə Almaniyada yaşadığı müddətdə ordakı bir çox təşəbbüslərə qoşulub, keçirilən aksiyaların çoxunda fəallıq göstərərək iştirak edib; “18 yanvar 2017-ci ildə Almaniyanın Berlin şəhərində Azərbaycan səfirliyinin qarşısında “siyasi məhbuslara azadlıq”, “biz qul deyilik”, “talana son” adlı aksiyada iştirak etmişəm. Aksiyadan sonra aksiyada iştirak edənlərin bir çoxunun Azərbaycanda olan qohumlarını polisə aparıb dindiriblər. Həmçinin mənim də atamı Şirvan şəhər Polis şöbəsinə çağırıb dindiriblər. Ona mənə görə hədə- qorxu gələrək “oğluna de, bu işlərdən əl çəksin. Yoxsa onu gətirib içəri atacayıq” deyiblər. Hətta orda atamın üzünə məni ölümlə hədələyiblər. Yanvar ayının 22-də mütəmadi olaraq zənglər edib telefonla atamı polis şöbəsinə çağırıblar. Artıq 31 yanvarda rəsmi bildirişlə Şivan şəhər polis şöbəsinə çağırıb yenə də ona hədə- qorxu gəliblər. Bildiriblər ki, oğulun Almaniyada dövlət əleyhinə çıxışlar və hərəkətlər edir. Ona de ki, bu işlərdən əl çəksin, yoxsa pis olacaq. Təsəvvür edin ki, aksiyada iştirak edənləri polisdə necə dindirirlər, nəinki “Heydər Əliyev”- in plakatını aşırdan olsun (Almaniyada azərbaycanlı mühacirlər aksiya keçirib Heydər Əliyevin böyük plakatını aşırırlar; https://www.youtube.com/watch?v=Gmc5e3qNooA&feature=youtu.be). Və nəticədə 03.02.2017-ci ildə atam ona qarşı olan mənəvi, psixoloji təzyiqlərə dözməyib infarkt keçirdərək dünyasını dəyişib. Məlumat üçün deyim ki, atam uzun müddət Şirvanda “Şirvan OİL” neft şirkətində fəhlə işləyib, bunu yazmaqda məqsədim odur ki, neft şirkətində işləyənlər hamısı siğorta olunub və sağlamlıqları daim yoxlanılır.. Yeni atamın heç bir xəstəliyi yox idi, tam sağlam idi...”
    İntiqam Xudiyevin bildirdiyinə görə ona görə qardaşına qarşı da təzyiq ediblər. Polis onun iş yerinə gələrək onu axtarıb. Ertəsi gün qardaşı polisin təzyiqi nəticəsində Şirvanda işlədiyi kafedə işdən uzaqlaşdırılıb.
    Abdullayev Pərviz Eyvaz oğlu. 20 aprel 1982- ci ildə Mingəçevir şəhərində anadan olub. Umid partiyasının üzvüdür. Almaniyaya 2016- ci ildə gəlib. Bildirir ki, “2016- ci ildə Ağdaş rayonunda təkrar kečirilən deputat seçkilərində üzvü olduğum Umid partiyasinin namizədi İqbal Ağazadənin təbliğat və təşkilat kampaniyasında fəal iştirak etmişəm. Və eləcə də seçki prosesində müşahidəçi olmuşam. Fəallığıma görə məntəqədən polis bölməsinə aparılıb 2 gün saxlandıqdan sonra azad edilmişəm. Ondan əlavə 1999- cu ildə qəbul olduğum Mingəçevir Politexnik Universitetindən 2001- ci ildən Azərbaycan Milli İstiqlal partiyasının fəal üzvü olduğum üçün xaric olunmuşam. Almaniyada təşkil olunan mitinqlərin əksəriyyətinin iştirakçısı və Almaniyanın Duisburg şəhərində 2 sentyabr 2017- ci ildə mitinq təşkil etmişəm. Bu fəaliyyətimdən dolayi qardaşim Abdullayev Ramin Eyvaz oğlu 9 sentiyabr tarixində həbs edilərək 25 sutka inzbati cəza tətbiq edilmiş və bu haqda ona heç bir məhkəmə qərarı və sənədləri verilməmişdi. Buna etiraz eden atam Abdullayev Eyvaz Nəsrəddin oğlu da 2 sutka qeyri- qanuni polis bölməsində saxlanılmış, daha da irəli getməmək barədə xəbərdarlıq edilmişdir. Həmçinin mənim ölkəyə dönəcəyim təqdirdə başıma açılacaq oyunlardan danışaraq azad etmişlər. Yaxın və uzaq qohumlarım yaşadıqları ərazi polis bölmələrinə aparılaraq sorğu- sual olunub sonra azad ediliblər. 2017- ci ilin dekabrın 9- da Azərbaycan Naminə Demokratiya təşkilatının keçirdiyi toplantıda və siyasi məhbuslarla bağlı bizə yaxın ərazilərdə keçirilən mitinqlərdə (Essen, Bokum, Bonn və s.- red.) iştirak etmişik.
    Oktyabr- noyabr aylarında ünvansız nömrələrdən 4- 5 dəfə zəng edərək məni hədələyiblər. Onlardan soruşanda danışan kimdir, cavab verirlər ki, “səni otağımda dindirəndə biləcəksən biz kimik” deyiblər. Mən bu barədə yerli polisə məlumat vermişəm. Qardaşım Abdullayev Ramin izləmədədir. Hər dəfə atamı gördükdə “oğluna de qayıtmasın” deyərək psixi təsir edirler. Onların həyatı üçün narahatam”.
    Türkel Azərtürk. AXCP Gənclər Komitəsinin İdarə heyətinin üzvü olan Türkel Azərtürk ictimai- siyasi fəaliyyətlə yanaşı bloggerlik fəaliyyəti ilə məşğul olub. 2016-cı ilin yanvar ayının 7-də Hollandiyaya mühacirət edib. Mühacirətə gedəndən sonra isə "Turan TV"- də çalışmağa başlayıb. Həftədə 3 dəfə Turan TV-də yayımlanan "Xəbər var" verilişinin müəllifi və aparıcısıdır. 2017- ci il noyabr ayında onun Azərbaycanda yaşayan bacanağı Emin Saqiyev narkotika ittihamı ilə (maddə 234.4.3) həbs olunub.
    Türkel Azərtürk bildirir ki, “Emini məhz Turan TV-dəki fəaliyyətimə görə həbs ediblər. Çünki hamı bilir ki, mən həmin verilişlərdə hakimiyyəti tənqid edirəm. Ehtimal edirəm ki, Mehriban Əliyeva haqqında daha çox danışmağım xoşlarına gəlməyib. Çünki bu heç kimə sirr deyil ki, lap əvvəlindən Mehribanın adını çəkənləri bağışlamırlar.
    Emin 2017- ci ilin noyabr ayının 14- də Bakıxanov qəsəbəsində avtomobilinə ehtiyyat hissəsi almağa gedərkən, orada DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb və barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti- imkan tədbiri seçilib. Yeri gəlmişkən saxlandığı ilk günlərdə onun ailəsinə "oğlunuz Türkelə məlumat ötürür deyə həbs edilib" deyiblər. Sözü gedən idarənin əməkdaşları həm də yoldaşımın ailəsinə və yaxınlarına bizimlə danışmamağı tövsiyyə ediblər. Hətta sonda "nömrələriniz nəzarətdə qalacaq və kiminsə onlarla əlaqə saxladığı məlum olsa, o da Emin kimi cəzalandırılacaq" deyiblər. Hazırda yoldaşımın ailəsi və yaxınları ilə heç cür əlaqə saxlaya bilmirik. Digər qohumlarıma da təzyiqlər davam edir”.
    Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) Emin Saqiyevi siyasi məhbus elan edib.
    Fikrət Hüseynli. “Azadlıq” qəzetinin keçmiş əməkdaşı, ölkədə olduğu müddətdə tənqidi yazılarına görə təzyiqlərə məruz qalaraq, bir dəfə də 2006- cı ilin mart ayında maskalı şəxslər tərəfindən oğurlanaraq döyülən və ölümlə təhdid edilən jurnalist Fikrət Hüseynli təqiblər ucbatından 2008- ci ildə ölkəni tərk edərək Hollandiyaya gedib. 2017- ci ilin oktyabr ayında Ukraynanın Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılan jurnalist 18 günlüyə həbs edilib. Bu haqda qərarı Borispol Məhkəməsi verib. Jurnalisti vəkil Dmitri Mazurok (Ukrayna Helsinki İnsan Haqları Birliyi) müdafiə edir. Fikrət Hüseynli məhkəmə qərarı ilə azad olunsa da Ukrayndan kənara buraxılmır. O, Cinayət Məcəlləsinin 318 (sərhədi qanunsuz keçmə) və 178-ci (fırıldaqçılıq) maddələri ilə cinayət işi başlayıblar. Jurnalist həmin cinayət işi üzrə İnterpola verilən təqdimat əsasında saxlanıldığı bildirilir (http://www.faktxeber.com/News_h503899.html).
    Verilən məlumata görə jurnalist Azərbaycan hökumətinin Ukrayna təhlükəsizlik qüvvələrinə verdiyi sorğu əsasında saxlanılıb. O, Niderland vətəndaşlığı alıb və hazırda xaricdən yayımlanan "Turan TV" müxalif telekanalı ilə əməkdaşlıq edir (https://www.amerikaninsesi.org/a/hebs/4070245.html).
    Həbsi və üzləşdiyi olayla bağlı Fikrət Hüseynli bildirir ki, “Mənə özümün xəbərim olmadan Azərbaycanda məhkəmə qurub, mənim adımdan mənə vəkil tutub, mənə Azərbaycan pasportu düzəldib, sonra da İnterpola verib həbs etdiriblər Ukraynada. 5 aydır ki, burdayam və hələ də Ukraynadan çıxa bilmirəm, işimi itirmişəm buna görə, külli miqdarda zərərə düşmüşəm. Mənə görə qardaşımı (Elxan Hüseynov) mənim cinayət işimə salıb ona cinayət işi açıblar. Mövcud duruma görə, ata-anam stress keçirib və hazırda xəstədirlər.” Jurnalistlə bağlı vəziyyətə nə zaman aydınlıq gələcəyi və cinayət işinə xitam veriləcəyi aydın deyil.
    Sahib Teymurov. Şəki qarışıq tipli Uşaq Evində böyüyən, “Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin sədri, hazırda Kanadada yaşayan siyasi mühacir Sahib Teymurov Şəki Uşaq Evinin işgəncələrdən danışan şagirdi ilə müsahibənin videosunu internetdə yaydığına görə həbsinin “hazırlanması” ilə əlaqədar ölkəni tərk etmək məcburiyyətində qaldığını bildirir. O, facebook- da yazdığı tənqidi yazılardan sonra 2017- ci ilin dekabr ayında 7- də heç bir səbəb olmadan qardaşı Tahir Teymurov həyat yoldaşı, qızı və oğlu ilə birlikdə Bərdə rayon polis şöbəsinə aparıldığını bildirir; “Onlara məndən imtina etmələri üçün təzyiq göstərilib. Bundan sonra qardaşımın uşaqları facebook- da yazdığım statusların altında şərhlər yazaraq məni “vətən xaini” adlandırıb, mənə nifrət etdiklərini bildiriblər. Qardaşım Tahir dekabrın 8-də yenidən polisə çağırılıb və dekabrın 21-nə qədər ondan xəbər olmayıb. Sonradan məlum olub ki, onun cibindən 0,5 qr heroin “tapılıb” və narkotik yaymaq ittihamı ilə həbs edilib”.
    Dövlət tərəfindən təyin edilmiş vəkil Seymur Zeynalov bildirib ki, Tahir Teymurova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixiotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda baş verdikdə) cinayət işi başlanıb. Onu Gəncə istintaq təcridxanasına köçürüblər.
    Sahib Teymurovun sözlərinə görə, ona Facebook-da tənqidi statuslar yazmağa son qoyması üçün təzyiq göstərilir. Amma Sahib Teymurov fəaliyyətini dayandırmayacağını bildirib.
    O, 2007-ci ildə cinsi istismara məruz qalan yetkinlik yaşına çatmamış QİÇS xəstəsi olan qızla bağlı məlumatı ictmailəşdirdikdən sonra həbs edilib.
    Qeyd; Sahib Teymurov 7 fevral 2018- ci ildə məlumat yayaraq bildirib ki, 60 günlük fasilədən sonra onun qardaşı Tahir Teymurov həbsdən ev dustaqlığına buraxılıb, haqqında olan cinayət işinin istintaqı isə davam edir.
    Abbasov Tural Fəxrəddin oğlu. 2012- ci ildən AXCP- nin üzvü olduğunu, Milli Şuranın 2013- cü ildə keçirdiyi mitinqlərdə yaxından iştirak etdiyini bildirir; “Hakimiyyətə qarşı keçirilən mitinqlərdə fəal olmuşam. 2013- cü ildə “Əsgər ölümünə son!” aksiyasında fəal iştirak etdiyimə görə 37- ci polis bölməsində 7 gün saxlanılmışam. Hal- hazırda Müsavat Partiyasının üzvüyəm və 2015- ci ilin iyul ayından Almaniyada siyasi mühacirəm. Düsseldorfdda 2017- cı ilin mart ayının 10- da “siyasi məhbuslara azadlıq” aksiyasının təşkilatçısı olmuşam. Bu aksiyadan sonra ailə üzvlərimə qarşı təzyiqlər başladı. Öncə atamı, anamı, əmilərimi və əmim uşaqlarını işdən çıxartmaqla hədələdilər və yaxınlarım, əsasən də atam və anam məndən imtina etdi. Atamla 7 aydan artıqdır ki, danışmırıq. Azərbaycan hakimiyyəti qardaşımı həbs edib- Abbaslı Toğrul Fəxrədin oğlu. Hal- hazırda o, həbsdədir. Nəsimi rayon polis idarəsindən valideyinlərimə zəng edən Nadir adlı şəxs əgər susmasam və hakimiyyətdən üzr istəməsəm qardaşımdan sonra bacımı da həbs edəcəklərini söyləyirlər. Hakimiyyətin mənə təzyiqləri sosial şəbəkələrdə, saytlarda dərc olunan yazılarım və Almanyada ki, ictimai- siyasi fəaliyyətimlə bağlıdır.
    “Azadlıq” qəzetinin saytında və digər saytlarda dərc olunan tənqidi yazılarımdan sonra (https://storage.googleapis.com/qurium/azadliq.info/196864.html) qardaşım 2017- ci ilin dekabrın 2- də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 177.1- ci və 221.1- ci maddələri ilə ittiham irəli sürülüb.
    Bacım Şükürova Şəbinəmin həyat yoldaşı Şükürov Ramin Sarvan oğlu bacıma təzyiq edərək onu boşamaqla hədələyib. Ramin Şükürov bir neçə dəfə ona fiziki təzyiq göstərərək başına zərbələr endirib və 2 uşaqla evdən qovub. Bu gün bacıma mənə görə təzyiqlər həm həyat yoldaşı Ramin tərəfindən və ata tərəfimizdən artıb. Şəbinəmi xalam Eynulayeva Sevinc və Sadıqova Aysu himayələrinə alıblar.
    Yafəz Əkrəmoğlu. Azadlıq radiosunun keçmiş əməkdaşı Yafəz Əkrəmoğlu Azərbaycanda olarkən jurnalist fəaliyyəti ilə bağlı bir neçə dəfə təzyiqlərə məruz qalıb. O, ölkəni tərk etdikdən sonra isə ailəsini Naxçıvan aeropotunda girov saxlayıb onun təslim olmasını tələb ediblər (http://arqument.az/az/yafez-ekremolu-ailemi-naxvanda-girov-gtrmsdler/). İqdıra qədər gedən jurnalist və onun ailəsi beynəlxalq təşkilatların və Türkiyə polisinin məsələyə müdaxiləsindən sonra çətinliklə də olsa ölkədən çıxa bilib. Görünən o idi ki, hakimiyyət Avropada da fəaliyyətini və hakim ailənin biznes şəbəkəsi ilə bağlı araşdırma yazılarını davam etdirən Yafəz Əkrəmoğlunun cəzalandırılması üçün səylərini əsirgəməyib. Bu barədə jurnalist qeyd edir ki;
    “2014-cü il dekabrın sonlarında, Azadlıq radiosunun Bakı bürosu bağlandıqdan sonra Praqa bürosuna dәvәt olunmuşam vә burada fәaliyyәtimi davam etdirmişәm. Praqa bürosunda işlәyәrkәn Naxçıvan MTN әmәkdaşları tәrәfindәn dәfәlәrlә hәdә zәnglәri almışam. 2015-ci il iyul ayının әvvәllәrindә Naxçıvandan Bakıya qayıdan yaxın qohumlarım Naxçıvan hava limanında saxlanılıb, daha sonra polisә aparılıblar. Onlar mәnim geri qayıtmağımı tәlәb edirdilәr. Bir sutka sonra qohumlarım azad edilib”.
    Almaniyaya mühacirət etdikdən sonra orda da Azərbaycan hakimiyyəti ilə bağlı araşdırma yazılarını davam etdirən Yafəz Əkrəmoğluna qarşı AR Baş Prokurorluğu Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə (Maddə.318- qanunsuz sәrhәd keçmәk, Maddə. 308- vәzifә sәlahiyyәtlәrindәn sui istifadә), Maddə. 313- vәzifә saxtakarlığı, Maddə. 320- rәsmi sәnәdlәrin saxtalaşdırılması) cinayət işi açaraq bu barədə Almaniya hökümətinə rəsmi müraciət edib. Məqsəd onun ölkəyə ekstradisiya edib həbs etmək olub. Almaniya hüquq- mühafizə orqanları bu istəyi rədd etsələr də Azərbaycan hakimiyyəti jurnalistlə bağlı İnterpol vasitəsi ilə beynəlxalq axtarış elan edib.
    Emil Cəfərli. 15 ildir ki, AXCP- nin üzvü olduğunu və hazırda 2015- ci ilin may ayından İsveçdə yaşadığını bildirən Emil Cəfərli mühacir kimi Stohkolumdakı ictimai- siyasi fəaliyyətinə görə ailə üzvlərinin və qohumlarının təzyiqlərə məruz qald