Sırada kimlər var? – Müslümovun ardınca gedəcək iki sabiq


Sabiq nazir Səlim Müslümovun həbsindən sonra gündəmdə müzakirə olunan “sırada kimdir” sualıdır. Çünki prosesin təkcə Müslümovla bitəcəyi və həbsin illər öncə baş vermiş yeyintilərə görə baş verməsi inandırıcı görünmür.

Ona görə ki, sözügedən sabiq məmur kimi onlarla nazir yeyib-dağıtmalarına rəğmən, bu gün azadlıqdadırlar. Bəs, necə oldu da əmək və əhalinin sosial müdafiəsi naziri olmuş biri 2 ildən sonra həbs edildi? Özü də korrupsiya ittihamı ilə?
7gun.az xəbər verir ki, Səlim Müslümovun həbsində daha çox siyasi çalarlar diqqəti çəkir. Məsələ belədir ki, o və daha bir neçə məmurun bir arada hansısa işlər çevirməsi hakimiyyətin qulağına yetişib. Güman olunur ki, həmin işlərin yekununda hakimiyyət üçün hansısa ciddi problemlərin baş qaldıracağı istisna edilmirmiş. Və böyük ehtimalla, həmin riski görən və nəzərə alan hakimiyyət ən optimal yolu seçib – həbs.

İndi keçək o suala ki, Səlim Müslümovdan sonra daha kimlərə sıra çatacaq. Məsələ belədir ki, Müslümov əsasən Kəmaləddin Heydərovun kadrı hesab olunur. Onun karyerasının yüksəlməsinə də elə FHN şefi dəstək verib. Həbsdən çıxarıb, DSMF kimi qurumun rəhbərliyinə gətirilməsi də sözügedən nazirin əməyinin nəticəsidir.
Amma Səlim Müslümovun son günlər yeni bir dəstə ilə təmasda olduğu da diqqətdən yayınmayıb. Söhbət sabiq nəqliyyat naziri Ziya Məmmədovdan gedir. Davamlı olaraq bir yerdə olan və işdən çıxdıqdan sonra təmaslarını nəinki kəsən, əksinə daha da dərinləşdirən sabiqlərin başqa bir klanla əlbir olma ehtimalları daha çox hesab olunandır. Xüsusən, Ramiz Mehdiyevin Ziya Məmmədovun bağında günlərlə qalması bəzi mətləblərə gün işığı sala bilər.
Maraqlı məqam odur ki, Kəmaləddin Heydərovun kadrı, sonradan Mehdiyevlə birləşə bilərmi? Məntiqlə mümkündür. Hətta o da mümkündür ki, FHN şefinin razılığı ilə belə bir əməkdaşlığın qurulması məqbul hesab olunur.
Gedişatdan görünən və bilinən odur ki, hədəfdə hələ ki, iki keçmiş nazir var. Onlardan biri Ziya Məmmədov, digəri isə sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Əsədov oyunların deyil, quda olmağın bəlasını çəkə bilər. Ziya Məmmədov isə arxa planda işlər çeviridyi üçün qandallanmaq riskini yaşayır.

Xatırladaq ki, hələ bir xeyli əvvəl deputat Siyavuş Novruzov bəyan eləmişdi ki, onlarda sabiq məmurların hansı işlərlə məşğul olduqları, hakimiyyət əleyhinə işlər gördükləri, hətta bu məqsədlə mühacirlərə dəstək verdikləri barədə məlumatlar var. O zaman bu açıqlamaya ciddi yanaşılmadı və hesab olundu ki, Novruzov yeni “ağzınagələni” danışır. Lakin görünən odur ki, hakimiyyət bu həbslərin planını hələ ötən ilin sonlarından cızmağa başlayıb. O dövrdən ki, “köhnə qvardiya” yola salınandan sonra işdən çıxarılmalarını həzm edə bilmirdi. Birliklər, gizli təmaslar və bu qəbildən yığıncaqlar təşkil edirdilər ki, bu barədə də hakimiyyətin məlumatsız qalması imkansızdır.​ ​ ​