İlqar Məmmədov azadlıqda


Bu gün, avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının sədri İlqar Məmmədovu azadlığa buraxıb.

Amma İ.Məmmədov 2 il sınaq müddəti olmaqla şərti olaraq azadlığa çıxıb. Onun ölkədən çıxışına məhdudiyyət olacaq.

İ.Məmmədov qərarla razılaşmayıb. «Biz bəraət tələb edirdik. Bu da qələbədir, amma tam qələbə deyil», - deyə İ.Məmmədov məhkəmənin qəbul etdiyi qərarı dəyərləndirib.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) ötən il oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir.

Azərbaycan hökuməti isə Nazirlər Komitəsinə göndərdiyi cavabda vurğulayıb ki, AİHM-in İ.Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Dekabrın 5-də AŞNK Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri bundan sonra deyib ki, qanunvericiliyə edilən son dəyişikliklər İ.Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İ.Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.

Daha sonra AİHM AŞNK-ə, Azərbaycan hökumətinə və həbsdə olan İ.Məmmədova məktub göndərib. Məktub Nazirlər Komitəsinin Azərbaycan tərəfinin İ.Məmmədovla bağlı AİHM-in qərarını icra edilib-etməməsi məsələsinə dair sorğusuna cavabdır. Orada tərəflərdən məsələ ilə bağlı yekun rəy istənilib.

AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib. AİHM İ.Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi. /Azadliq.org/

12-08-2018, 21:37