İsmayıl İslamoğlunun barəsində məlumat yoxdur


Üç gündür ki, "Kanal 13" İnternet televiziyasının əməkdaşı İsmayıl İslamoğlunun barəsində məlumat yoxdur. O, oktyabrın 26-da "Kanal 13" ofisindən çıxıb və evə gedib.

Vəkil Bəhruz Bayramov bu gün ərzində onun saxlandığı yeri müəyyən edə bilməyib.

"Məhkəmələrlə əlaqə saxladıq və bizə bildirdilər ki, bu şəxsin barəsində inzibati həbs və ya başqa tədbirlə bağlı hər hansı qərar yoxdur", - vəkil qeyd edib.

Jurnalistin ailəsi DİN-in "102" qaynar xəttinə müraciət etsələr də İ.İslamoğlunun taleyilə bağlı məlumat ala bilməyiblər.

Hüquq-mühafizə orqanları İ.İslamoğlunun yoxa çıxması barədə məlumatları hələlik şərh etmirlər.

Jurnalist İnternetdə sosial şəbəkələrdə fəallığı ilə tanınır. Bundan öncə onu polisə çağıraraq İnternetdə hakimiyyətin ünvanına tənqidi yazılarla bağlı xəbərdarlıq ediblər.

Bu il iyulun 27-də saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Müğənni Zara Mqoyanın da dəvət olunduğu "Jara" festivalı ilə bağlı statusuna görə üç saat polisdə saxlanılıb.

Turan.az

29-10-2018, 07:02