Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır


Son zamanlar həbsdə olan siyasi məhbuslara qarşı təzyiqlər, işgəncələr artıb. Bu barədə tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev öz feybuk səhifəsində yazıb. 7GUN.az həmin yazını təqdim edir:"Həbs və saxlanma yerlərində işgəncələr nəticəsində ölüm halları qeydə alınır...

Təmsil etdiyim Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) daha bir Hesabat hazırlayır. Həbs yerlərində saxlanma şəraiti və Azərbaycanda siyasi məhbus problemini əhatə edən sənəddə əsas bölümlərin biri həbsxanada işgəncə və korrupsiya halları ilə bağlıdır. Hesabatda siyasi məhbuslar haqqında sifarişli, ədalətsiz qərar qəbul edən hakimlərin, eləcə də onlara həbs yerlərində işgəncə verən vəzifəli şəxslərin Qara Siyahısı yer alacaq. Hazırda bu istiqamətdə araşdırmalarımız gedir.

Hesab edirik ki, bu Qara Siyahılar həm aidiyyatı yerli və beynəlxalq qurumlar üçün, həm də ictimaiyyət üçün maraqlı və önəmli bir sənəd olacaq. Biz əli- qolu bağlı, günahsız, dinc insanlara işgəncə verən vəzifəli şəxslərin kimliyini müəyyənləşdirib adlarını açıqlamaqla onlara ailələrindən tutmuş cəmiyyətin müxtəlif təbəqələrinə qədər geniş ictimai qınaq yaratmağa çalışacayıq. Qoy belə şəxsləri hamı tanısın, qınasın və bəd əməllərini pisləsinlər.

Düşünürəm ki, belə siyahıların hazırlanmasında bizim daxili araşdırmalarımızla yanaşı, ictimaiyyət nümayəndələrinin fikir və təkliflərini də dinləmək yaxşı olardı. O baxımdan siyasi məhbuslara işgəncə verən vəzifəli şəxslərdən kimlərin adlarının Hesabatdakı Qara Siyahıya salınmasını istərsinizsə təkliflərinizi verməyiniz çox yaxşı olardı. Bu, həm də bir kiçik ictimai müzakirə olardı...

Qoy, həbsdə olan məhbuslara işgəncə verən şəxsləri hamı tanısın, qınasın və aidiyyatı qurumlardan da tələb edək ki, onlar haqqında lazımi ölçü götürülsün!"

16-11-2018, 08:37