Xocalılı qızın xatirələrindən: “Tez-tez evimiz yuxuma girir.
Görürəm ki, həyətimizdəki ərik ağacı çiçəkləyib, bağçamızda güllər açıb, quşlar nəğmə oxuyur, mən də balaca dostlarımla ərik ağacının altında evcik-evcik, qaçdı-tutdu oynayıram...”
Mələk anasının qolları üstə mışıl-mışıl uyuyurdu. Elə şirin-şirin yatmışdı ki... Anası onu “mənim məsum mələyim, qızım mənim, quzum mənim” deyə oxşaya-oxşaya astaca beşiyinə qoydu, üstünü örtüb, beşiyi yavaş-yavaş yırğalamağa başladı. Körpənin hərdən dodaqları qaçır, gülümsəyir, üzünə təbəssüm qonduqca yanaqları çökürdü, hiss olunurdu ki, nəsə gözəl bir yuxunun təsirinə düşüb. Görəsən nə görürdü bu balaca fidan? - Yoxsa şar, gəlincik, noğul, “şirniquş” göstərirdilər ona, bəlkə özünü göydə sayrışan ulduzların arasında görürdü, qanadlanıb buludların üzərində uçurdu. Hərdən də uğunub gedir, gözüyumulu olsa da, əllərini irəli uzadaraq nəsə almağa çalışırdı. Bəlkə balaca Mələyə əsgər əmilər silah tuşlayırdılar, o da oyuncaq bilib almaq istəyirdi, bəlkə adaşları təbrik edirdi Mələyi. Axı bir neçə gündən sonra 1 yaşı tamam olacaqdı...
***
Aylar, illər keçəcək, Mələk bir payız, bir bahar da boy atacaq, gəlinciyini götürüb dostlarının yanına qaçacaq, onlarla evcik-evcik, qaçdı-tutdu oynayacaq, şehli otların üzərindən kəpənəkləri qovacaq, çəmənlikdən çiçək üzəcək... Beləcə böyüyüb boylu-buxunlu, gözəl-göyçək qız olacaq Mələk. Sonra da gəlin köçəcək, bir evin çırağını yandıracaq, o evə oğul-qız, nəvə bəxş edəcək... Bu balaca “tumurcuğu” qarşıda hələ nə qədər gözəl günlər, xoşbəxt anlar gözləyir...
***
Güclü külək şiddətli fevral soyuğunu evlərin pəncərələrindən içəri sovurur, vahiməli səsiylə yatmış şəhəri gecə yuxusundan oyatmağa çalışırdı. O gecə bapbalaca ağaclar da çöhrəsi şaxtadan gömgöy göyərmiş körpə kimi yaxınlıqdakı qocaman palıdın sinəsinə “sığınmışdılar”. Hərdən qayalarda qartal qıyya çəkirdi. Qara libaslı fevral gecəsi qəzəbli şir tək şaxtası ilə varlığa qənim kəsilmişdi o axşam.
Lopa-lopa yağan qar göydə uçuşur, son anda “qanadlarını” yerə sərib torpağı ağuşuna alırdı. Hər biri ağ kəpənəyi xatırladan qar dənəcikləri şaxtadan donaraq yerdə ulduz kimi yanırdı. Hərdən də adama elə gəlirdi ki, bu qar-kəpənəklər də ağlayır, torpağı göz yaşları ilə kimdənsə, nədənsə gizlətməyə çalışırlar.
İliyə işləyən şaxta isə getdikcə güclənirdi...
***
Fevralın 25-dən 26-na keçən saatlar tükürpədici dəhşəti ilə gecənin bağrını partlatdı: Xocalıya basqın edilmiş, dinc, əliyalın əhali qəsbkarlarla qabaq-qənşər qalmışdı. Erməni işğalçıları şəhərə soxulub, ağlasığmaz qətliamlar törətmişdilər. Ən ağrılı mənzərə isə azyaşlı uşaqların, hamilə qadınların, körpələrin qəddarlıqla öldürülməsi idi.Hələ həyatın isti-soyuğunu dadmayan Mələk də, anası da, onlarla, yüzlərlə insan dilə gətirilməsi mümkün olmayan, xüsusi amansızlıqla qətlə yetirilmişdilər. Dəhşətli bir görüntü idi: ana gözləri çıxarılıb, dərisi soyulmuş körpəsini köksünə möhkəm-möhkəm sıxmış vəziyyətdə yandırılaraq öldürülmüşdü.
***
Hər yan xarabalığı xatırladırdı. Küçələr tanınmaz hala salınmış, üzərində zorakılıq əlamətləri olan meyitlərlə dolu idi, yaralı iniltisi, fəryad səsləri getdikcə daha çox eşidilirdi.Qapı-pəncərəsi qırılmış evə dolan qarlı külək boş beşiyi asta-asta yırğalayır, sanki “gəl körpəm, bu gün doğum günündür, gəl qucağıma”, - deyirdi... Mələk isə ad gününü beşikdə yox, mələklərlə, torpağı qucaqlayan qar-kəpənəklərin qanadları arasında qarşılayırdı. O gün mələklər Mələyə lay-lay çalırdı.
O gün Mələk yenidən doğulmuşdu - birgünlük şəhid kimi, bir yaşlı Mələk kimi...
Yazı Mətbuat Şurasının və “Akkord” Şirkətlər Qrupunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.