"Mənim çox böyük iddialarım var"

Şrift : |
Tarix :19-12-2011, 12:34
Bölmə : Müsahibə
Kömək :    
Baxılıb : 168 dəfə
Like :
Like :

    Eldar Namazov: “Ziyalılar Forumunun bütün iclasları internet vasitəsilə canlı yayımlanacaq”
    “Regionda Azərbaycan üçün çox böyük təhlükələr mövcuddur”


    Suriya diktatoru Bəşər Əsədin Rusiya nümayəndə heyətinə dedikləri qısa müddətdə özünü doğrultdu. Onun “növbədə Rusiya və ümumilikdə postsovet məkanıdır” proqnozunun nə qədər dəqiq olduğunu bilməkdən ötrü Rusiyanın ardınca Qazaxıstanda baş verən qanlı hadisələrə diqqət yetirmək kifayətdir. İnqilab dalğasının postsovet ölkələrini bürüməkdə olduğu bir zamanda, təbii ki, bizi daha çox öz ölkəmizin taleyi maraqlandırır və narahat edir. Azərbaycan Naminə İctimai Forumun prezidenti, Ziyalılar Forumunun İdarə Heyətinin üzvü Eldar Namazovun isə bu məsələyə fərqli baxışı var.

    - Mən bir neçə il öncə dünyada demokratiya dalğalarının yayılması ilə bağlı bir projeyə rəhbərlik etdim. Politologiya elmində buna tranzitologiya deyirlər - demokratik tranzit, demokratiyaya keçid problemini araşdırmaq. Bu mövzu mənimçün maraqlı idi. Çünki Azərbaycanı da bu proseslər gözləyirdi. Ona görə də mən dünya təcrübəsini öyrənərək keçid mərhələsini hansı ölkələr və xalqlar nə cür, hansı şəraitdə keçiblər, niyə bir sıra ölkələrdə bu cəhdlər alınmayıb, ancaq bir müddət sonra alınıb, bu mövzular ətrafında silsilə elmi konfranslar keçirmişəm, xaricdən tanınmış ekspertləri ölkəyə dəvət etmişəm, bir sıra araşdırmalar və müzakirələr aparılıb. Vaxtilə Azərbaycanda demokratiyaya keçidlə bağlı islahatlar konsepsiyasını hazırlamışıq, “Gələcək 10 il” adında iki cildli kitab nəşr etmişik. Dünya ölkələrini tədqiq edəndə Latın Amerikasından tutmuş, Asiya, Şərqi Avropa ölkələrinədək demokratiyaya keçidin qanunauyğunluqlarını, xüsusiyyətlərini nəzərdən keçirəndən, xüsusən də “ərəb baharı” inqilabları başlayandan sonra mən bütün bu təcrübəni ümumiləşdirmişəm. Mənim gəldiyim qənaət və əmin olduğum budur ki, 19-cu əsrdən başlayaraq dünya tarixində demokratiya dalğaları daim baş verib. Bu dalğanın arasında müəyyən bir müddət olub. Get-gedə o müddət daha da qısalır. Birinci dalğa ilə ikinci dalğanın arasında 40-50 illik zaman məsafəsi var idisə, digər dalğaların arasında artıq məsafə 20-30 il, sonuncu dalğaların arasında isə 5-10 il oldu. Getdikcə o dalğalar daha güclü olur, daha çox əraziləri əhatə edir və onların arasında da zaman məsafəsi daralır. Bu dalğa ilk dəfə xristian dünyasında, Amerikada başladı, demokratiya sistemi quruldu, sonra da bir sıra Avropa ölkələrində yayıldı. Ancaq bu dalğa bütün xristian dünyasını deyil, yalnız protestantları əhatə edirdi. O dövrdə politologiyada bir nəzəriyyə yarandı ki, demokratiya sırf protestant mədəniyyəti ilə bağlıdır. Yəni bu sistem nəinki müsəlmanlar, Asiya, Afrika xalqlarına, hətta xristian dünyasında da katolik, ya pravoslav qanada aid deyil. Ondan sonra ikinci dalğada artıq katolik dünyasına aid olan ölkələrdə də demokratiyaya keçid oldu. Növbəti mərhələdə pravoslav dünyasında da bu dalğa yayılmağa başladı və politologiyadakı nəzəriyyəyə düzəliş etdilər ki, bütün xristian dünyası demokratiya sistemini qəbul etməyə çox uyğundur, ancaq başqa dinlər, mədəniyyətlər yox. Bunun ardınca ərəb dünyasında proseslər başladı.
    İndi artıq dünya siyasi elmində daha çox fikir ona köklənir ki, demokratiya ümumbəşəri anlayışdır. Yəni harada yaşamasından, hansı dinə aid olmasından asılı olmayaraq, hər bir xalq üçün bu, qloballaşan dünyada ən optimal, hamını qane edən, inkişafı təmin edən bir sistemdir. Bunun kökündə dayanan dünyanın inkişafı, qloballaşma prosesi və onun nəticələridir. Biz deyəndə ki, hər bir ölkənin öz siyasi təcrübəsi, siyasi mədəniyyəti var, qloballaşan dünya bu sərhədləri sındırır. İnternet, kommunikasiya dövrüdür. Hər bir azərbaycanlı, ya rus amerikalılarla, avropalılarla eyni vaxtda, eyni prosesləri izləyə bilir. Elə bil ki, bu proseslər qonşu küçədə, qonşu rayonda baş verir. İnternet, qloballaşma sərhədləri aradan qaldırdıqca dünya daha çox bir ailə, bir millət kimi yaşamağa başlayır.

    - Deməli, siz postsovet məkanında gedən prosesin Azərbaycana gəlişini mütləq sayırsınız?

    - Mütləqdir. Bu, dünyada gedən prosesdir. Fakt budur ki, demokratiya olmayan ölkələrdə korrupsiya baş alıb gedir, insan haqları pozulur, ölkə normal inkişaf edə bilmir. Hər bir xalq xoşbəxt, firavan yaşamasını, övladlarının taleyinə, onların yaxşı təhsil, işlə təmin olunacağına dövlətin zəmanət verməsini istəyir. Bu, digər xalqlar kimi, azərbaycanlıların da arzusudur. Heç kim alman, ya yapon maşınında gəzməkdən imtina etmir. Çünki bu maşınlar daha komfortlu, təhlükəsizdir. Yaxud heç kim “Nokia” telefonundan imtina etmir, çünki daha keyfiyyətlidir. Eyni zamanda bu, ölkəni idarəetmə sistemlərinə də aiddir. Niyə biz dünyadan geri qalmalıyıq? Ona görə də bu ümumbəşəri prosesin qarşısını almaq mümkün deyil. Yalnız o siyasi qüvvələr buna qarşı çıxa bilər ki, onlar öz xalqının var-dövlətini talan etmək, hüquqlarını pozmaq, yalnız öz ailələri üçün şərait yaratmaq istəyirlər.

    - İlin əvvəlində ərəb dünyasında baş verənlərlə paralel şəkildə Azərbaycan hakimiyyətinin müəyyən addımları müşahidə edildi. Korrupsiyaya qarşı mübarizə elan olundu, iclaslar keçirildi. Ancaq inqilab dalğası qapını kəsdirən bir dövrdə hakimiyyət özünü heç nə olmamış kimi sakit aparır. Bu arxayınçılığın kökündə nə durur?

    - Sizin sualınızın iki vacib tərəfi var. Bir tərəfi budur ki, avtoritar rejimlər həmişə özlərini çox arxayın göstərməyə çalışırlar. Misir, Tunis, Liviya hakimiyyətləri də deyirdilər ki, hər şey əladır, heç bir narahatçılıq yoxdur, bütün xalq bizi dəstəkləyir. Yəni oxşar rejimlər oxşar situasiyalara oxşar reaksiya verirlər. Rusiyada ilk dəfə on minlərlə insan seçki saxtakarlığına etiraza qalxdı, bu, ölkədə bütün vəziyyəti dəyişdi, ancaq Rusiya rəhbərləri efirdən deyirlər ki, hər şey normaldır. Belə reaksiyaya təəccüblənmək lazım deyil.

    - Azərbaycanda indiki durumda necə, islahatlar yolu ilə vəziyyəti yaxşılığa doğru dəyişmək olarmı?

    - Bu sualın da iki tərəfi var. Bir tərəfi ondan ibarətdir ki, şəxsən mən bir Azərbaycan vətəndaşı kimi bu islahatların yuxarıdan başlamasını çox istərdim. İslahatların cəmiyyətin təzyiqi ilə getməsi artıq inqilab deməkdir. Heç bir hakimiyyəti zorən islahatlar aparmağa məcbur etmək olmaz. Burda gərək daxildən gələn iradə, arzu, istək olsun ki, hakimiyyət o islahatları effektli aparsın. Biz məxməri inqilabları da, qanlı inqilabları da görmüşük. Hər bir vətəndaş istərdi ki, onun vətəni, onun ölkəsi bu dərəcəyə çatmasın. O cümlədən mən də istərdim ki, bu islahatları hökumət aparsın. Ancaq buna inam qalıbmı? Cəmiyyət daha neçə il bu haqda danışa bilər? Müxalifət partiyaları, ictimai qurumlar, ziyalılar nə qədər bu təklif verə, danışa bilərlər? Ona görə də “inam qalıb, yoxsa yox” məsələnin ikinci tərəfidir. Mənim elə bu mövzuda gənclərlə bir görüşüm vardı. İki saatlıq söhbətin sonunda özüm bir sorğu keçirdim. İlk olaraq soruşdum ki, siz Azərbaycanda islahatları hakimiyyətin aparmasını, prosesin yuxarıdan başlamasını və demokratiyaya keçidi bu yolla əldə etməyimizi istəyirsiniz, yoxsa inqilab yolunun tərəfindəsiniz? Zalda oturanların 90 faizi islahatların yuxarıdan aparılmasını istədiyini dedi.
    İkinci sualım bu oldu ki, bəs siz hakimiyyətin bu islahatları aparacağına, inqilaba ehtiyac qalmayacağına inanırsınızmı? Tam əks mənzərə yarandı, həmin 90 faizdən yuxarı adamlar səs verdilər ki, biz buna inanmırıq. Çox təəssüf olsun, məni ən çox narahat edən məsələlərdən biri budur ki, Azərbaycanda islahatları yuxarıdan, sivil formada aparılması ehtimalına inam bu illərdə çox kəskin surətdə azalıb. Cəmiyyətdə fikir formalaşıb ki, islahatlar artıq bu sistem çərçivəsində aparılmayacaq.

    - Belə olan təqdirdə məşhur “Nə etməli” sualına cavab tapmaq lazım gəlir. Hakimiyyət deyir ki, ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələr fürsət gəzir. Müxalifət isə öz növbəsində inqilab arzusunda olmadığını bəyan edir. Elə isə yaxın perspektivdə Azərbaycan üçün proqnozlaşdırılan nədir?

    - Bütün əvvəl dediklərimin məntiqi davamı kimi deyə bilərəm ki, Azərbaycanda demokratiyaya keçid mütləq olacaq. Biz ölkədə demokratiyanı quracağıq. Bu həm xalqın istəyidir, həm də dünyada gedən qlobal proseslərin vacib şərti. Mənim çalışdığım sahələr təkcə demokratiya və insan haqları ilə bağlı deyil. Eyni zamanda beynəlxalq təhlükəsizlik məsələləri, Qarabağ problemi ilə də məşğul oluram. Elə bir neçə gün əvvəl Türkiyədən qayıtmışam, orda Qara dəniz və Xəzər dənizi regionundakı ölkələrin həm demokratiya, həm də təhlükəsizliklə bağlı məsələləri müzakirə olunurdu. Yəqin ki, yanvarın ortalarında mənim Rusiyaya belə bir səfərim olacaq. Ona görə də mən dəqiq bilirəm ki, bu regionda Azərbaycan üçün çox böyük təhlükələr mövcuddur. Belə bir çətin regionda yerləşən Azərbaycan üçün hər bir daxili çəkişmələr xarici qüvvələrin müdaxilə edib Azərbaycanı ya parçalamaq, ya onu çətin duruma salmaq istəyini həyata keçirməsinə rəvac verə bilər. Ancaq bu, o demək deyil ki, biz öz haqlarımızı qorumalı deyilik. Sadəcə olaraq, gərək Azərbaycanın demokratik qüvvələri və cəmiyyəti bu təhlükələri dəf etməyə hazır olsun. Yəni həm demokratiyaya keçid təmin edilməli, həm də daxildən bu işə mane olan və Azərbaycana qarşı fəaliyyət göstərən beynəlxalq qüvvələrin qarşısı alınmalıdır. Mənimçün burda ilk növbədə Azərbaycan cəmiyyətinin bu proseslərə nə qədər hazır olub-olmaması məsələsi əsasdır.
    Bir dəfə biz bu təhlükə ilə SSRİ dağılanda üz-üzə qaldıq. O vaxt mən hiss etdim ki, Azərbaycan cəmiyyəti bir tərəfdən müstəqillik və azadlıq uğrunda öz iradəsini ortaya qoydu, bu da dünyada yüksək qiymətləndirildi. Eyni zamanda biz bir çox təhlükələri olduğu kimi nəzərə almadıq. O cümlədən təcavüz ola, Azərbaycan torpaqları işğal oluna, xarici qüvvələrin təsiri ilə daxildə sabitlik pozula bilər kimi təhlükələri. Biz bu acı təcrübəni görmüşük. Odur ki, indiki vəziyyətdə həlledici amil artıq hakimiyyət, hakimiyyət-müxalifət münasibətləri deyil. Həlledici məsələ Azərbaycan cəmiyyətinin nə qədər bir araya, konsensusa gəlməsidir. Biz həm daxili, həm də xarici təhlükələri dəf edib ölkədə demokratik sistemin qurulmasına hazır olmalıyıq. Mən hələ deyə bilmərəm ki, bu suala birmənalı cavabım var. Ancaq son vaxtlar cəmiyyətdə gedən proseslər, məsələn, Ziyalılar Forumuna qarşı hücumlardan sonra cəmiyyətin, partiyaların, ictimai qurumların, ziyalıların, müstəqil medianın ortaya qoyduğu mövqe, onun nəticəsi göstərir ki, Azərbaycan cəmiyyətində o potensial və müsbət tendensiyalar var. Kimliyindən asılı olmayaraq bu istiqamətdə işləri daha da gücləndirmək bizimçün çox vacibdir. Demokratiyaya keçid bizim hamımızın ümumi vəzifəmizdir və mövcud təhlükələr də hamımıza qarşı yönəlib, həm fərd, həm azərbaycanlı olaraq. Unutmaq olmaz ki, bu təhlükələr həm də dövlətimizə qarşı yönəlib. Ona görə də ölkə daxilində geniş bir konsensus əldə olunsa, əminəm ki, demokratiyaya keçidin qarşısını heç kəs ala bilməyəcək.

    - “Demokratiyaya keçid üçün yol xəritəsi”ni hazırlayan İctimai Palata ilə “Demokratiyaya doğru 7 addım” sənədini ortaya qoyan Ziyalılar Forumunun bir çətir altında fəaliyyətinə necə baxırsınız?

    - Mən nəinki İctimai Palata və Ziyalılar Forumunun əməkdaşlığını, bütün cəmiyyətin konsensusa gəlməsini vacib sayıram. Ona görə ki, İctimai Palata, ya Ziyalılar Forumu hələ bütün cəmiyyət deyil. Təbii ki, bir sıra məsələlər, o cümlədən konsensusa nə cür nail olmağın yolları ictimai müzakirəyə çıxarılmalıdır.

    - Eks-speker Rəsul Quliyevin 2013-lə bağlı ortaya iddia qoymasına necə baxırsınız?

    - Biz bir neçə prezident seçkilərini yaşamışıq və təcrübə göz qabağındadır. Bu mənada əvvəlcə ortaya iddialar qoyulur, sonra cəmiyyətdə müzakirələr gedir. 2003-cü ildə əvvəlcə 10-dan artıq iddialı vardısa, sonda demokratik düşərgədən iki namizəd qaldı. Bu, həmişə təkrarlanır və təbii prosesdir. Şəxsən mən özüm özümü çox iddialı adam sayıram və mənim çox böyük iddiam var. Bu iddia ondan ibarətdir ki, Azərbaycan xalqı ölkədə demokratik, dünyəvi bir dövlət qurub həm çox zəngin təbii resurslarını, həm də Azərbaycan xalqının ondan qat-qat böyük potensialını işə salıb dünyada öz inkişafına görə ən layiqli yerlərdən birini tuta bilər. Bu iddia hər bir vəzifədən, o cümlədən prezidentlikdən böyük iddiadır. Çalışdığım odur ki, bu iddiam həyata keçsin və mən yüz faiz əminəm ki, xalqımız buna hazırdır. Bu prosesdə kim seçkilərdə iştirak edəcək, etməyəcək, ölkə başçısının adı, soyadı nə olacaq, bunlar mənimçün ikinci dərəcəli məsələdir.

    - Ziyalılar Forumunun ilin sonuna gözlənilən tədbiri nə vəd edir? Bundan öncəki iclasda olduğu kimi gündəmi dəyişəcək olaylar gözlənilirmi?

    - Biz artıq bir neçə dəfə Bakıdakı üzvlərimizlə, bu işləri koordinasiya edən şəxslərlə mövzular ətrafında müzakirələr aparmışıq. Bir sıra aparıcı üzvlərimiz, o cümlədən Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyov xarici səfərlərdədir. Ancaq onunla da əlaqə saxlayırıq, telefonla geniş müzakirələrimiz olub. Yaxın günlərdə artıq yekun mövzu ilə bağlı son qərarımızı verəcəyik, çünki vaxt daralıb. Bir məsələni də qeyd edim ki, biz müstəqil mediada çalışan dostlarımızın dəstəyi ilə bundan sonra Ziyalılar Forumunun bütün iclaslarının internet vasitəsilə audio-video yayımını canlı şəkildə yayımlamaq fikrindəyik. Bununla da istəyirik ki, iclaslarımızı təkcə zaldakı insanlar yox, hər bir internetə çıxış imkanı olan azərbaycanlı - Azərbaycanda, Amerikada, ya Avropada yaşamasından asılı olmayaraq - izləsin, bu proseslərin iştirakçısına çevrilsin. İnşallah biz bu təcrübəni əldə edəndən sonra ondan da qabağa gedib dinləyicilərin canlı şəkildə bizə hansısa təkliflər göndərməsinə də şərait yaradacağıq.

    Musavat.com


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31