 |
Şrift : |
|
 |
Tarix : | 28-01-2012, 09:37 |
Bölmə : |
Siyasət |
Kömək : |
|
Baxılıb :
| 209 dəfə |
Like : |
|
Like : |
|
|
Qardaş ölkənin bəzi KİV-ləri Azərbaycanın həm dövlət, həm də qeyri-hökumət təşkilatlarından məsələyə ən yüksək səviyyədə münasibət gözləyir
Bir sıra Türkiyə kütləvi informasiya vasitələri Fransaya təzyiqlərin gücləndirilməsi üçün Azərbaycandan lazımi reaksiya olmadığını bəyan ediblər. Onlar qardaş dövlət kimi Azərbaycandan daha həssas mövqe sərgiləməyi, həm dövlət, həm də qeyri-hökumət təşkilatlarından məsələyə ən yüksək səviyyədə münasibət gözlədiklərini açıqlayıblar.
“Hürriyyət” qəzetinin köşə yazarı Taha Akyol hesab edir ki, rəsmi Bakı daha yüksək səviyyəsində Fransaya öz etirazını bildirməlidir. “Azərbaycan xalqının göstərdiyi həssasiyəti, keçirdiyi aksiyalara görə ürəkdən təşəkkür edirəm. Qardaşlığa yaraşan bir qərarlılıq ortaya qoydular. Azərbaycan ziyalılarına, parlament üzvlərinə təşəkkür edirəm. İstərdim ki, ən yüksək qurumlar bu məsələdə öz mövqelərini ortaya qoysunlar. Ən azından, Parisdəki Azərbaycan səfiri ehtiyac olarsa, 60 Fransa parlamentarisinin Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün aktiv hərəkət etməlidir”, - deyə ANS-ə açıqlamasında köşə yazarı bildirib.
Bəzi ekspertlər isə düşünür ki, Azərbaycan həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində öz mövqeyini kifayət qədər aydın ortaya qoyub. Ekspert İbrahim Nəbioğlunun sözlərinə görə, bir neçə gündür türk mediası, xüsusilə qəzetlər Azərbaycanı Türkiyə-Fransa məsələsinə çəkmək istəyirlər: “Əslində, hər şey ortadadır. Həm rəsmi səviyyədə Azərbaycanın münasibəti, həm də Azərbaycan xalqının münasibəti görünür. Bu baxımdan Türkiyə-Azərbaycan münasibətlərində problem görmürəm”.
Qeyd edək ki, Bakıda Fransa səfirliyi qarşısında piketlər ötən ilin dekabrından bu ölkənin parlamentinin Aşağı Palatasında qondarma “erməni soyqırımı” ilə bağlı qanun müzakirəyə çıxarılandan keçirilir. Fransa Senatı bu qərarı qəbul etdikdən sonra etiraz aksiyaları xüsusilə intensiv xarakter alıb. Xaricdə yaşayan azərbaycanlılar da dünyanın müxtəlif ölkələrində keçirilən aksiyalara qatılıblar. Bununla bağlı Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayıb.
ANS şirkəti telekanalda yayımlanan “Ən yeni tarix” proqramına sponsorluq edən Fransanın mineral sularının sponsorluğundan, ANS ÇM radiostansiyası fransız mahnılarının yayımından, dramaturq Rüstəm İbrahimbəyov isə bu ölkənin ordenindən imtina edib. O, ordenini Sarkozi qanunu imzalayacağı halda Fransa səfirliyinə təhvil verəcək.
Türkiyənin “Star” qəzetində çalışan azərbaycanlı jurnalist Sevil Nuriyeva isə indiki mərhələ üçün Azərbaycandan kifayət qədər dəstək gəldiyini, rəsmi Bakının öz mövqeyini ortaya qoyduğunu bəyan edib. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun təpkisi Azərbaycan deməkdir: “Qənirə Paşayevanın Avropa Şurasındakı təpkisi də Azərbaycan deməkdir, dünən Azərbaycanın ANS TV-nin baş prodüseri Mirşahin Ağayev öz proqramında proqramın sponsoru bir fransız şirkəti olduğu halda, canlı yayımda həmin şirkətin sponsorluğundan imtina etdi. Bu da bir Azərbaycan təpkisidir”.
Parlamentdə Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü Asim Mollazadə isə düşünür ki, Türkiyə mətbuatının bəzi nümayəndələri Azərbaycana qarşı qərəzli mövqe tutub və əsl həqiqətlərin işıqlandırılmasından çəkinir. O bildirib ki, Amerikada, Fransada olduğu kimi Türkiyənin daxilində də erməni lobbisi türk lobbisindən güclü işləyir: “Hepimiz erməniyiz, hepimiz Dinkiz” bağıranlar bu gün Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyirlər. Məhz onlar Azərbaycandakı bu etirazları türk mediasına buraxmırlar, onun qarşısını alırlar. Azərbaycan-Türkiyə münasibətlərində şübhə yaradırlar. Fransa Senatının qarşısında Azərbaycan bayraqları türk bayraqları ilə birgə dalğalanır. Mən çox istərdim ki, Türkiyə şəhərlərinin küçələrində “Hepimiz erməni deyil, həpimiz xocalıyız”, “Həpimiz azərbaycanlı” bağırsınlar”.
Qeyd edək ki, son günlərdə Türkiyənin özündə də dünən 10-15 gəncin Fransanın İstanbuldakı konsulluğu qarşısında təşkil etdiyi piketi çıxmaq şərtilə demək olar ki, aksiya keçirilmir. Rəsmi Ankara da Fransaya qarşı hələ heç bir ciddi siyasi-iqtisadi sanksiya tətbiq etməyib. Ölkələr arasında diplomatik əlaqələr gərgin də olsa, eyni səviyyədə qalıb, iqtisadi əməkdaşlıq prosesinə dəyişiklik edilməyib.
Türkiyədə fransız mallarının boykot edilməsi kampaniyası və ya “Renault” avtomobilləri buraxan müəssisələrin işinin dayandırılması istiqamətində addım atılmayıb. Türkiyə hökuməti bəyan edir ki, bu tipli iqtisadi, eləcə də hərbi və siyasi sahəyə aid sanksiyalar qanun Nikolya Sarkozi tərəfindən imzalanacağı təqdirdə atılacaq.
|