Müraciəti olduğu kimi təqdim edirik:
Müsavat Gənclər Təşkilatının Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştona
M Ü R A C İ Ə T İ
Hörmətli xanım Eşton, Sizin Azərbaycana gəlişinizdən məmnunluğumuzu bildiririk və səfərinizdə Sizə uğurlar arzu edirik.
Müraciət etməkdə əsas məqsədimiz ölkəmizdə baş verən son hadisələri bir daha Sizin və dünyanın diqqətinə çatdırmaqdır. Belə ki, ölkəmizdə baş verən qanunsuzluqlardan və repressiyalardan ən cox əziyyət çəkən gənclər təşkilatı olaraq bu problemlər bizi hədsiz dərəcədə narahat edir. Məlum olduğu kimi, Bakı şəhərində 2 aprel 2011-ci il tarixdə keçirilən dinc aksiya zorakılıqla dağıdılıb, yüzlərlə müxalifət fəalı döyülüb və həbs edilib. Məhkəmələrin əsassız qərarı ilə Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Elşən Həsənov, Ülvi Quliyev, Məhəmməd Məcidli, Sahib Kərimov, Arif Alışlı, Zülfüqarlı Eyvazlı, Elnur Məcidli, Elnur İsrəfilov və Babək Həsənov azadlıqdan məhrum edilib.
Onların arasında Tural Abbaslı - Müsavat Gənclər Təşkilatının (MGT) sədri, Əhəd Məmmədli və Rüfət Hacıbəyli MGT-nin sədr müavinləridir. Bununla da MGT-nin rəhbərliyi, demək olar ki, tam tərkibdə həbs olunub.
Biz hesab edirik ki, təşkilatımızın gənc liderləri və digər siyasi məhbuslar sərbəst toplaşma azadlıgı haqqında Azərbaycan qanunları ilə yanaşı, dövlətimizin və hakimiyyətimizin qoşulduğu beynalxalq təşkilatların, ATƏT-in, Avropa Şurasının (AŞ), yaxından əməkdaşlıq etdiyimiz Avropa Birliyinin (AB) və s. təşkilatların qarşısında götürdüyü öhdəliklərə, konvensiyalara istinad edərək 2 apreldə İctimai Palatanın mitinqində öz siyasi fikirlərini səsləndirdiyi üçün günahsız olaraq həbs olunublar.
Hesab edirik ki, partiya təmsilçilərinin və gənc liderlərin həbs olunmasına görə Azərbaycan hakimiyyəti ilə yanaşı, buna göz yuman beynalxalq təşkilatlar da məsuliyyət daşıyır.
Ümid edirik ki, insan haqlarına hər zaman həssas yanaşan bir demokrat kimi Siz həmin siyasi məhbuslarla görüşüb, onların azad olunması üçün təsirli addımlar atacaqsınız.
Bir daha Sizin Azərbaycana səfərinizdən məmnun olduğumuzu bildiririk. Ümid edirik ki, Azərbaycanda siyasi məhbusların azad olunmasında və sərbəst toplaşma azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasında, bir sözlə, Avropa ilə tərəfdaşlıq edən dövlətimizin demokratikləşməsinin və ərazi bütövlüyünün bərpa olunmasında beynalxalq ictimaiyyət, xüsusi ilə Avropa Birliyi əlindən gələni əsirgəməyəcək.