 |
Şrift : |
|
 |
Tarix : | 11-10-2011, 17:19 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 377 dəfə |
Like : |
|
Like : |
|
|
Məqsəd sakinləri erməni güllələrindən qorumaqdır
Təmas xəttində yerləşən kəndlərdə mühafizə divarlarının tikintisinə start verilib. Buna səbəb isə həmin kəndlərin tez-tez düşmən atəşinə məruz qalmasıdır. Ən çox atəş altına düşənlər isə kənd kənarlarında yaşayan sakinlərdir. Birbaşa düşmənlə üzbəüz olduğundan sipər rolunu oynayan bu sakinlərin evlərinin damındakı, divarındakı güllə izləri də buna sübutdur. 7 GÜN.AZ ANS PRESS-ə istinadən bildirir ki, cəbhə xətttində yerləşən yaşayış məntəqələrində erməni mövqeləri istiqamətindəki həyətlərə dövlət vəsaiti hesabına 3 metr hündürlüyündə daş hasar çəkilir.
Tikinti işləri 7 ay əvvəl həyətlərində oynayarkən snayperlə vurulan 8 yaşlı Fariz Bədəlovun yaşadığı Ağdam rayonunun Orta Qərvənd kəndindən başlanıb. Artıq Farizin vurulduğu həyətin ətrafına hasar çəkilib. Nənəsi Məlahət Bədəlova üçün bu gecikmiş qərar olsa da, “Fariz öləndə hamı gəldi buranın vəziyyətini gördü. Bu gərək mənim balamdan qabaq olaydı. Ancaq yenə nəvəm, toyu olmayan oğlum var. Bəlkə onlar qorunarlar”, deyir.
Məlumatlara görə, tikinti işlərinə işçi qüvvəsi kimi təmas xəttindəki həyət sahibləri cəlb olunub.
Ağdamın Çıraqlı kəndində də 700 metr uzunluğunda istinad divarları çəkilir. Bələdiyyə sədri Habil Abbasovun sözlərinə görə, divarların çəkilməsi əhalinin təhlükəsizliyini təmin etməklə yanaşı kənddə məskunlaşma problemini də həll edəcək: “78 evin 24-də yaşayış yoxdur. O evlərdə yaşamaq mümkün deyil və evlər erməni gülləsindən dağılıb. Bərpa agentliyi bu işləri başa çatdırandan sonra əhali evlərinə qayıdacaq. O evlərə də istinad divarları çəkiləcək ki, orada yaşamaq mümkün olsun. Hamı ilə danışıqlar aparılıb, hamı deyir ki, evlərimiz tikilərsə biz geri qayıdarıq”.
İstinad divarlarının tikintisi Ərazilərin Yenidən Qurulması və Bərpası Agentliyinin sifarişiylə aparılır. Agentliyin əməkdaşı Yusif Xasayevin sözlərinə görə, istinad divarları cəbhə xəttində yerləşən yaşayış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması məqsədilə tərtib olunan dövlət proqramının bir hissəsidir. Proqramda müharibə zamanı dağılan evlərin, sosial obyektlərin, kommunikasiya xəttlərinin də bərpası nəzərdə tutulub.
Ağdamla yanaşı yaxın günlərdə, Tərtər rayonunun Qapanlı və Qaradağlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində də ümumi uzunluğu 2700 m olan istinad divarlarının çəkilməsinə başlanacaq.
7GUN.AZ
|