 |
Şrift : |
|
 |
Tarix : | 30-09-2011, 11:21 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 310 dəfə |
Like : |
|
Like : |
|
|
Avropa pəyədirsə...
Vətəni sevmək haqqında nəsihətlər bu günün söhbəti deyil. Amma inanmıram ki, ədalətsizlik hökm sürən ölkədə bu sevgi səmimi olsun. Çünki vətənini sevən onun varidatını talamaz. Bu varidatı talayanlardan pay alıb susanlar da vətən aşiqi ola bilməz.
Heç kasıblar da vətəni sevməz- bir qayda olaraq onlar öz acizliklərini boyunlarına almaq əvəzinə, vətəni günahkar sayırlar. Amma vətəni sevmədiyini heç kim demir,əksinə, ölkəni kufənkuf eləyə-eləyə vətənpərvərlikdən dəm vururlar. Adam da qalır yana- yana. Bilmirsən, bu doğma diyarı canı qədər sevən kimdir. Vətən “təəssübkeşləri” istənilən xəbərdən istifadə edərək özünü bu yazıq xalqa mələk qismində təqdim etmək istəyirlər.
Bəzən sual doğur: vətənin eybini demək olarmı? Mənim üçün cavab birmənalıdır: bəli. Çünki vətən bir canlı obraz kimi təsəvvür edilsə də, onun günahı olmur, günah edən insanlardır. Vaxt vardı, YAP-ın təbliğatçıları ümumiyyətlə rüşvət barədə danışmağı az qala Vətənə xəyanət kimi qiymətləndirirdilər. Amma öz oyun qaydalarını pozduğuna görə ağır çəkili nazirləri rüşvət üstündə həbs edəndə heç düşünmədilər ki, bu, Vətənin adına ləkədir. İndi də olduğu kimi, adi bir xəbəri yaymaq böyük qəbahətə çevrilir. Həmişə belə söhbətlər düşəndə yazıçı( deputat deyə bilmərəm) Aqil Abbas fərqlənib divident qazanmaq istəyib. Yadımdadır, yas mərasimlərinin birində müstəqil düşünməyi bacaran bir ədib haqqında o belə bir ifadə işlətdi:”... deyir ki, bu ermənilərdən nə istəyirsiniz?.. Az qaldı onu vuram”.
Buna ifrat populizmdən başqa ad vermək olmaz. Aqil müəllimin müsahibi olan yazıçı bu sözləri öz günahlarımızı qabartmaq məqsədilə işlətmişdi. İndi də Aqil Abbas modern. az-da çıxış edərək müxalif qəzetləri hədəfə alır, xəbər yaymaqda ittiham edir. Axı hansı mətbu orqanı deyir ki, medal rüşvət yolu ilə alınıb? Sadəcə, xəbər yayılır və sensasion xəbər olduğu üçün haqlı olaraq manşetə çıxarılır. Şəxsən bir vətəndaş kimi (mən özümü bu ada layiq hesab edirəm) Azərbaycanda vəzifə sahibinin rüşvət almamasına inana bilmirəm. Amma bunları sübut etmək gücündə olmadığım üçün aşkarlamaq fikrim də yoxdur. Axı yalançının evi yananda ona heç kim inanmır. Sirr deyil ki, ölkəmizin adı artıq rüşvət simvoluna çevrilib. Konkret boks ilə bağlı qalmaqalı Finlandiya kimi ölkənin adına desəydilər, bəlkə də heç kim inanmazdı. Amma bizim adımıza deyiləndə hamı inanır, hətta bu hadisəni uydursalar belə- axı acı təcrübə göz önündədir. Sadə bir misal. Yol polisi sürücünü konkret qayda pozuntusuna görə saxlayır. Sürücü onu şantaj edir ki, polis ondan rüşvət almaq məqsədilə şər atır. Polis də ehtiyat edir və sürücüdən əl çəkir, çünki bilir ki, polisə inanmayacaqlar. Niyə? Hamı düşünəcək ki, rüşvət almayan yol polisi yoxdur. İndi deyin görüm mənim boks qalmaqalı barədə xəbərə inanmaq haqqım varmı?
Məni məsələnin daha ciddi bir tərəfi narahat edir. Aqil Abbas iri həcmli epik əsərlər müəllifidir. Biz isə həmişə bədii irsdən tərbiyə vasitəsi kimi istifadə etmişik. Öz fikrini açıqlayan insanı pəyədəki eşşəyə bənzətmək roman müəllifinə heç də yaraşan iş deyil. Sonra da demokratiyadan söz düşəndə məhz onlar hay- həşir qoparıb deyirlər ki, biz Avropaya sürətlə inteqrasiya edirik. Avropa pəyədirsə, onda sual olunur: bizi hara aparırsınız?
Nəhayət, Aqil müəllim öz bənzətməsi ilə də mənim ürəyimi üşüdüb. Belə ki, həqarət etdiyi avropalını eşşəyə oxşadıb. Vallah bilmirəm, müəllif bu heyvana yaxşı bələddir, ya yox, amma nə qanmazlıq, nə də müftə yemək ona xas keyfiyyətdir. Bütün həyatını əzablı əməyə həsr etməklə eşşəklər maddi nemətlərin toplanmasında insanların yaxın köməkçisidir. Aqil müəllimə məsləhət bilərdim ki, əgər fikir bildirən avropalıya həqarət etmək istəyirsə, onu hakimiyyətin haram süfrəsinin qırıntıları ilə dolanan şəxslərlə müqayisə etsin.
Hörmətli nasirin qeydlərində axır ki, qızıl hərflərlə yazılan cümləyə rast gəldim: ”İndi aparıb hansısa ingilis-mingilisə niyə pul veririk ki, o puldan elə öz boksçularımıza versək, Kemeron başda olmaqla bütün Londondakıları çırparlar”.
Nabatəli Qulamoğlu
|