“Yaxşı xarrat, inşaatçı, dülgər, mühəndis və digər mütəxəssislərə Azərbaycanın əmək bazarında həmişə ehtiyac var"
"Bu gün Azərbaycanda 10 minə yaxın boş iş yerləri mövcuddur. Bunların əksəriyyətini regionlarda olan iş yerləri təşkil edir". Bu barədə jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət məşğulluq xidmətinin rəis müavini Şahbaz Xələfov məlumat verib. O bildirib ki, əmək bazarlarında iş yerləri fərqlidir, belə ki, Bakı şəhərində daha çox texniki sahələrə ehtiyac var, regionlarda isə müəllimlərə, həkimlərə və digər ixtisaslar üzrə sahələrə daha çox ehtiyac duyulur. Rəis müavinin sözlərinə görə, Bakıda keçirilən yarmarkalar zamanı müraciətlərin böyük əksəriyyətini müəllimlər, həkimlər və digər ixtisas sahələri üzrə mütəxəssislər təşkil edir: "Ancaq texniki sahələr üzrə əməyə və bacarığa sahib olan insanlara hər zaman əmək bazarında ehtiyac olub. Yaxşı xarrat, inşaatçı, dülgər, mühəndis və digər mütəxəssislərə Azərbaycanın əmək bazarında həmişə ehtiyac var".
Ş. Xələfov gənclərə bildirib ki, onların ali təhsil almasına baxmayaq belə gənclər müəyyən peşələrə yiyələnsələr yaxşı olar. Çünki yaxşı qabiliyyəti və peşəsi olanlara təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də ehtiyac duyulur.
7GUN.AZ