 |
Şrift : |
|
 |
Tarix : | 5-10-2011, 13:49 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 310 dəfə |
Like : |
|
Like : |
|
|
İnternatın rəhbəri Telman adlı şəxs yetimlərin malını restoranlara satır
İslamda ən dəhşətli günah yetimin haqqının yeyilməsidir. Bu günahın sorğusuz-sualsız cəhənnəmlə «mükafat»landırılacağını Müqəddəs Quran da, Həzrəti Peyğəmbərimiz (s) də deyib. Lakin Azərbaycanda elələri də var ki, onlar üçün yetim haqqını qəsb eləmək çay içmək kimi bir şeydir.
Məlumata görə, Saray qəsəbəsində yerləşən 7 saylı əqli cəhətdən zəif uşaqlar üçün internat-məktədə dəhşətli hadisələr baş verir. Hadisələrin şahidlərinin verdiyi xəbərdə vurğulanır ki, artıq işlər daha dramatik həddə çatıb və internatdakı xəstələr belə aclıqdan ölüm həddinə çatıblar.
Məlumatda deyilir ki, hal hazırda internatda 150-yə yaxın xəstə var. Onları yetimlər, şikəstlər, ağıldan kəm olanlar təşkil edir. Bundan başqa, 7 saylı internatın həyətində Ramanadan gəlmiş 15 ailə də yaşayır. Onların buraya gətirilməsi isə Ramanadakı internatın təmirə dayandırılmasıdır və bu yerləşdirmə müvəqqəti xarakter daşıyır (bu barədə ayrıca bir mövzu işləniləcək-red.).
7 saylı internatın rəhbəri Telman adlı şəxs sözün həqiqi mənasında vandallığa imza atmaqdadır. Belə ki, hər gün internata müxtəlif yerlərdən yardımlar gətirilir. Həmin yardımlar əsasən ərzaq məhsullarından ibarətdir. Hadisənin şahidlərinin dediyinə görə, Telman mərkəzə gələn ərzaqların bir qramını da oradakı xəstələrə vermədən, satmaqla məşğuldur. Məlumatı verənlər bildirirlər ki, internatın anbarına daxil olan əti Telman anbardar Namiqin əliylə satışa çıxarır. Namiqin restoran və kafelərdə çoxlu sayda tanışlarının olduğunu bildirən mənbələr telefon vasitəsi ilə onların sövdələşdiyini və satışı həyata keçirdiyini bildirirlər.
Dəhşətli hadisələrdən biri də odur ki, 7 saylı internatın rəhbərliyi oradakı xəstə, yetim uşaqların halına acımayaraq, onları ac və susuz saxlayır. Vəziyyət hətta o həddə çatıb ki, oradakı xəstələrdən ağlı kəsənlər yaxınlıqdakı ailələrə üz tutaraq, onlara bir tikə çörək üçün yalvarırlar. Hətta internatın həyətindəki ailələrlə yanaşı, yaxınlıqdakı insanlar bununla bağlı Telmana müraciət etsələr də, heç bir faydası olmayıb.
İnternata işıqlar sönəcəyi təqdirdə generatordan istifadə etmək üçün verilən dizel yanacağı da rəhbərlik tərəfindən satılır. Gün ərzində 12 saat qaranlıqda qalan xəstə və yetimlərin halına acıyan isə yoxdur. Hətta bununla bağlı bir dəfə Telmanla görüşən internatdakı ailələr aldıqları cavabdan sonra birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli olublar. Çünki Telman onlara deyib ki, dizel yanacağı olmadığı üçün generatoru işlədə bilmirlər. Şahidlər isə deyirlər ki, bu mümkün olan iş deyil. Ona görə ki, internata lazımi qədər dizel yanacağı verilir, amma rəhbərli onu satır.
Dünən isə 7 saylı internatda hamının gözü qarşısında növbəti dəhşətli olay baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, uşaqlıqdan bəri bu internatda böyümüş 33 yaşlı Nəzakət Şövkət qızı Muradova həmin müəssisənin işçiləri və rəhbərliyi tərəfindən vəhşicəsinə döyülərək, naməlum istiqamətdə aparılıb. Məlumatda deyilir ki, Nəzakət Muradovanın dəlilik kağızı olsa da, əslində bu sənəd onun üçün internatda qalması üçün düzəldilibmiş. Və bu səbəbdən də o, dünənə qədər internatda süpürgəçi işləyirmiş. Amma o da digərləri kimi, nə maaş üzü görüb, nə də doyun qarın yemək yemək imkanları olub.
Şahidlərin bildirdiyinə görə, Nəzakət Muradovanın başına belə bir oyunun gətirilməsinin dəqiq səbəbləri var. Belə ki, N.Muradova hər gün ac qaldığından bu şəkildə yaşamağın mümkün olduğunu görərək, ona da internata gətirilən yeməklərdən verilməsini rəhbərlikdən istəyirmiş. Hər gün yavan çörək və nadir hallarda meyvə şirəsi ilə yavanlıq edən süpürgəçi qadın artıq belə yaşamağın mümkün olmadığını da söyləyirmiş. Hətta bir dəfə onun rəhbərliyə ağlayaraq yalvarışla «heç olmasa bir ədəd yumurta verin mən də yeyim» deməsini görənlər özlərini ağlamaqdan güclə saxlayıblar.
Məlumatda həmçinin qeyd olunur ki, N.Muradovanın dəlixanaya aparılması və vəhşicəsinə döyülməsinin ən başlıca səbəblərindən biri onun üzləşdiyi hadisə və şahidi olduğu işlər olub. Mənbələr bildirir ki, süpürgəçi qadın dəfələrlə internata gətirilən ərzaqların satıldığına şahid olub. Amma onun şahidi olduğu sonuncu hadisə isə başına belə bir müsibətin gəlməsinə şərait yarıdıb.
Belə ki, Nəzakət günlərin birində qəfil müdirin otağına daxil olur. Otağı təmizləmək üçün gələn zaman orada Telmanla internatda işləyən bir qadının çılmapq şəkildə uzandığını görür. Otaqdan çıxaraq bir qədər çöldə gözlədikdən sonra «sevgilərin» ayrılmasının ardından otağı təmizləyib və müdir Telmana deyib ki, bu barədə hamıya xəbər verəcək ki, o, əxlaqsız işlərlə məşğuldur. Vəziyyəti belə görən Telman da ən optimal yolu N.Muradovanı zoral dəlixanaya apartdırmaqda görüb. Hazırda onun harada olduğu və hara aparıldığı barədə heç nə bilinmir.
Mənbə bildirir ki, 7 saylı internatda uşaqların ac qalmasına səbəb olan və Nəzakətin başına belə bir oyunun açılmasının əsas baiskarı təsərrüfat işləri üzrə müdirə Zeynəbdir. Həmin Zeynəblə Nəzakətin arasında konfliktin yaranmasının səbəbləri isə bizə məlumdur, sadəcə, etika xatirinə bu barədə yazmağa gərək görmürük. Amma bu işlərdə Zeynəb tək deyil, onun yardımçıları var. Həmin yardımçılardan biri baş tibb bacısı Gülüzardır ki, onun yanına dərman üçün gedəndə «yox»dan başqa bir kəlmə də söz demir. Digər bir yardımçı isə Zeynəbin öz qızı və 7 saylı internatda baş tərbiyyəçi Jalədir (onun necə tərbiyyəçi olduğu internatda hamıya məlumdur-red.).
Xatırladaq ki, 7 saylı internat Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir olunub və yenilənib. Hal hazırda da internatın Fondun himayəsində olduğu deyilir. Oradakı insanlar isə deyirlər ki, bu internatda baş verənlərdən Fondun xəğəri yoxdur. Və bunu əsaslandırmaq üçün arqumentləri də var. Onlar deyirlər ki, hər gün internata yetərli qədər ərzaq gətirilir və onların hamısı da Fond tərəfindən göndərilir. Şahidlər bildirirlər ki, əgər Fond bu məsələlərdən xəbərdar olsaydı həm tədbir görərdi, həm də bu qədər ərzaqı göndərməyə gərək görməzdi.
Belə olan təqdirdə, 7GUN.AZ olaraq 7 saylı internatda baş verən dəhşətli mənzərə ilə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə çatdırırıq ki, onlarla insanın həyatını təhlükədən qurtarmaq üçün təcili addım atsınlar. Və inanırıq ki, Fondun rəhbərliyi bu yazıdan sonra təcili tədbirlər görəcək və oradakı yetim, xəstə və ağıldan kəm uşaq və böyükləri Telman və onun kimi vicdanını itirmiş digərlərinin əlindən xilas edəcəklər.
7GUN.AZ
|