 |
Şrift : |
|
 |
Tarix : | 7-12-2011, 12:57 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 196 dəfə |
Like : |
|
Like : |
|
|
Ekspertlər Təhsil Nazirliyini lazımi qədər vəsait ayırmamaqda ittiham edir
Təhsil naziri Misir Mərdanov ölkədə qızdırılmayan məktəb olmadığını bildirsə də, paytaxt məktəblərinin əksəriyyətində istiliklə bağlı vəziyyət acınacaqlıdır. Təkcə redaksiyada keçirilən planlaşma zamanı məlum oldu ki, qəzetimizin əməkdaşlarının övladları təhsil aldıqları əksər orta məktəblər qızdırılmır. Məsələn, Yasamal rayonundakı 158 saylı məktəbdə istilik yoxdur. Sinif otaqları elektrik sobaları ilə qızdırılır. Bu sobalar isə şagirdlər tərəfindən alınıb. Xətai rayonundakı 249 saylı məktəbdə də vəziyyət acınacaqlıdır. Soyuq sinif otaqlarını qızdırmaq məktəb rəhbərliyinin imkanı xaricindədir. 64 saylı məktəbdə də vəziyyət yaxşı deyil.
Quraşdırılan istilik batareyaları sinif otaqlarını demək olar ki, isitmir. Suraxanı rayonunda yerləşən 278 saylı məktəbdə istilik var, Sabunçudakı 69 saylı məktəbdə istilik olsa da, soyuq günlərdə şagirdlərin qızınması mümkün deyil. Hətta paytaxtın mərkəzində yerləşən Atatürk liseyində də istilik sistemi yoxdur. Təmirdən sonra məktəbdə istilik sistemi nədənsə quraşdırılmayıb. Baş çəkdiyimiz bir neçə məktəbdə də istiliklə bağlı vəziyyətin yaxşı olmadığı məlum oldu. Nizami rayonunda yerləşən 61 saylı orta məktəbdə təhsil alan şagirdlər sinif otaqlarında üşüdüklərini bildirdilər. İbtidai sinif şagirdlərinin sözlərinə görə, otaqlar soyuqdur. Onlar otağın qızdırılması üçün elektrik plitələrindən istifadə edildiyini də söylədilər. Məktəbdə uşaqlar özləri ilə döşəkçələr gətirib-aparırlar. Bəzi valideynlər isə bildirdilər ki, məktəbin yarısı istiliklə təmin olunsa da, yarısında vəziyyət pisdir: “Rus bölməsi qızdırılmır. Azərbaycan bölməsi isə nisbətən istidir”. 261 saylı məktəb-liseydə isə istilik sistemi normal vəziyyətdədir. Şagirdlər bildirdilər ki, qar yağanda bir neçə gün istilik normal vəziyyətdə olmasa da, hazırda sinif otaqları istidir.Söhbətləşdiyimiz digər məktəblərin şagirdləri də sinif otaqlarının qızdırılmamasından şikayətləndilər. Onların sözlərinə görə, Binəqədidəki 283 saylı məktəbdə, həmçinin Nərimanov rayonundakı 212 və 45 saylı məktəblərdə istilik yoxdur. Söhbətləşdiyimiz valideynlər isə bildirdilər ki, sinif otaqlarının qızdırılması üçün alınan qızdırıcı və elektrik plitələrinin pulunu onlar ödəməli olublar. “Azəristiliktəchizat” ASC-nin rəis müavini İlham Mirzəliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, paytaxtdakı məktəblərin bir qismi onların balansındadır. Məktəblərin bir qisminin isə fərdi qazanxanası var: “Məktəblərin bir hissəsi bizim qurumun dislokasiyasındadır. Builki mövsümdə 181 məktəbin isidilməsi nəzərdə tutulur. Mövsümə bu məktəblərin hamısı hazırdır. Bir neçəsi istisna olmaqla, hamısı istiliklə təmin olunur. Bir neçə məktəbin binasında təmir getdiyindən, müvəqqəti olaraq istilik verilmir. Ola bilər haradasa müəyyən problemlər üzündən bir-iki saat istiliyin verilməsində fasilə olsun. Ancaq ümumilikdə bizim balansımızda olan məktəblərdə istiliklə bağlı problem yoxdur”. İ.Mirzəliyevin sözlərinə görə, “Azəristiliktəchizat” tərəfindən qızdırılan məktəblərə göstərilən xidmət haqqı Bakı Baş Təhsil İdarəsi tərəfindən ödənilir: “Onlarla müqaviləmiz var, müqaviləyə uyğun olaraq istilik haqlarını ödəyirlər”. İqtisadçı Qadir İbrahimli isə bildirir ki, məktəblərin qızdırılmamasının səbəbi Təhsil Nazirliyinin bunun üçün lazımi qədər vəsait ayırmamasıdır: “Vəsait tam ayrılmadığına görə məktəblər istiliklə təmin olunmur. Əksər məktəblərdə qızdırılma valideynlərin hesabına həyata keçirilir”. Xatırladaq ki, bir neçə gün əvvəl təhsil naziri Misir Mərdanov Azərbaycanda məktəblərin qızdırılması ilə bağlı statistikanı açıqlayıb. Nazir deyib ki, bu gün ölkədə olan 4 min 256 məktəbin 2 min 112 məktəb odunla qızdırılır. Təhsil nazirinin sözlərinə görə, daha 1005 məktəb mərkəzləşdirilmiş qazanxana, yaxud adi qazanxana sistemi ilə qızdırılır: “Bunların 1005-ü qazanxanalar vasitəsilə, 735-i dizel yanacaq, 27-i qaz sobaları, 2112-i odunla, 374-ü elektron cihazla qızdırılır. Hazırda qızdırılmayan məktəb yoxdur”.
Musavat.com
|