 |
Şrift : |
|
 |
Tarix : | 10-12-2011, 16:53 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 141 dəfə |
Like : |
|
Like : |
|
|
Vüqar Bayramov: “Artımlar spesifik sektorları əhatə etdiyindən daha yüksək faizlə ifadə edilməsi mümkün idi”
Minimum əməkhaqqının və müəllimlərin məvaciblərinin ardınca səhiyyə müəssisələrində çalışanların da əməkhaqqı artırıldı. Bununla da dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz çoxaldıldı. Xatırladaq ki, artıma qədər səhiyyə işçilərinin orta aylıq əməkhaqqları 159,7-200 manat, müəllimlərin isə 247,5 manat təşkil edirdi.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov hələ ilin əvvəlində hökumət tərəfindən əməkhaqqı artımlarının cari ilin ortasına proqnozlaşdırıldığını xatırlatdı: “Lakin bəlli olmayan səbəblərdən artım yubadıldı. Güman edilirdi ki, gecikmə həmin ərəfədə 2006-cı ilin yanvar ayının 1-nə qədər pensiyaya çıxanların təqaüdlərinin yenidən hesablanması prosesi ilə bağlıdır. Belə ki, 2011-ci ilin yayında əsas diqqət pensiya sistemində islahatlara yönəldilmişdi. Əməkhaqqı artımları 2011-ci ilin növbəti aylarında rəsmi, eləcə də qeyri-rəsmi səviyyədə gündəmə gətirilsə də buna gedilmədi. Son artım qərarı dekabrda verildiyindən adi qərar kimi dəyərləndirilməməlidir. İstər Azərbaycanda, istərsə də digər ölkələrdə nadir hallarda ilin sonuncu ayında əməkhaqqı artımı istiqamətində qərar verilir”. V.Bayramov əməkhaqqı artımlarının indiki halda dövlət büdcəsindəki profsitlə bağlı olduğunu düşünür: “Neftin dünya bazar qiymətinin qalxması, eləcə də dövlət büdcəsinə əlavə dəyişiklərin olunması büdcədə profsit yaradıb. Bu, artıq vəsaitin ilin sonuna qədər xərclənməsi məsələsini gündəmə gətirib. Digər tərəfdən, dekabr ayında əməkhaqqı artımlarına getməklə artımın yükü daha çox 2012-ci ilin büdcəsi üzərinə qoyuldu. Belə ki, 2012-ci ilin büdcəsində onsuz da ciddi əməkhaqqı və pensiya artımları proqnozlaşdırılmayıb. 2011-ci illə müqayisədə sosial müdafiə-təminat xərclərində 169,8 milyon manat artım baş verib. Büdcədə sözügedən xərclərin payı cəmi 10 faiz təşkil edir”. Son əməkhaqqı artımlarının 10 faizlə ifadə edilməsinə gəlincə, V.Bayramov bildirir ki, istər müəllimlər, istərsə də həkimlər az məvacib alan kateqoriya hesab edilirlər: “Dövlət büdcəsinin imkanları daha yüksək artımlara gedilməsinə imkan verir. Xüsusilə, son illər əməkhaqqı artımları 10-15 faiz intervalında dəyişib. Artımlar spesifik sektorları əhatə etdiyindən daha yüksək faizlə ifadə edilməsi mümkün idi”. Mütəxəssis əməkhaqqı artımlarının 10 və ya 20 faiz təşkil etməsini istehlak bazarı üçün əhəmiyyətli hesab etmir: “Bu kateqoriya işçilərin istehlak bazarına və ya bazardakı qiymətlərin artımına təsir imkanları kifayət qədər məhduddur. Çünki hər iki sferada çalışanların məvacibləri ölkə üzrə orta aylıq əməkhaqından aşağıdır”. Hələlik artımların istehlak bazarına ciddi təsir etməyəcəyini deyən iqtisadçının sözlərinə görə, qiymətlər bahalaşarsa, bu, süni artımlar olacaq: “Həkim və müəllimlərin maaşlarındakı 10 faizlik artım istehlak bazarında tələbin artmasına, pul dövriyyəsində ciddi pul artıqlığının yaranmasına səbəb olmur”.
Musavat.com
|