Ağdam təmsilçisi İFFHS-in reytinq siyahısında 298-cidir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının yeni reytinq siyahısını açıqlayıb. Reytinq siyahısında yer alan Ağdamın “Qarabağ” klubu mövqeyini bir qədər yaxşılaşdırıb.
Aktivində 70,5 xal olan “Qarabağ” ötən aykı reytinq siyahısı ilə müqayisədə 5 pillə irəliləyərək 298-ci pillədə qərarlaşıb. “Qarabağ” siyahıda “Qalatasaray”, “Hoffenhaym”, “Almeriya” və “Katania” kimi klubları üstələyir. Reytinq siyahısının zirvəsinə gəldikdə isə “Barselona” əvvəlki kimi taxtını heç kimə güzəştə getmək fikrində deyil.
Reytinqinə görə, dünyanın ən güclü klubu olan Çempionlar Liqasının son qalibinin aktivində 332 xal var. İkinci yerdə qərarlaşmış “Real” (Madrid) 316, üçüncü “Veles Sarsfild” 279 xal, dördüncü “Mançester Yunayted” 267, beşinci “Portu” 256, “Mançester Siti” 245, “Bavariya” 239, “İnter” 232, “Şalke” 231 xal, “Santos” isə 226 xal toplayıb.