Siyasi məhbus məzuniyyətə buraxılıb


İranın Tehran şəhərindəki Evin həbsxanasında saxlanan güneyli siyasi məhbus Həmid Mənafi Nadarlı məzuniyyətə buraxılıb.

7GUN.az-ın amerikaninsesi.org-a istinadən məlumatına görə, İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata istinadən, Həmid Mənafi Nadarlı 19 günlük məzuniyyətə martın 16-da buraxılıb.

Həmid Mənafi Nadarlı, Əlirza Fərşi və Behnam Şeyxi ilə eyni gündə iyul ayının 21-də Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutulub və iki illik həbs cəzasına məhkum edilib.

Həmid Mənafi Nadarlı, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, və digər türk dili hüquqları fəalları 2014-cü ilin fevral ayında Beynəlxalq Ana Dili Gününü qeyd etmək məqsədilə keçirilən bir mərasimdə iştirak etdikləri üçün Tehranın Nəsimşəhr şəhərində həbs edilib və bir müddət nəzarət altında saxlandıqdan sonra məhkəmənin qərarına qədər girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Həmid Mənafi Nadarlı 2016-cı ilin fevral ayında Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qrup formalaşmasında iştirak etmək" ittihamı ilə 10 il həbs cəzası və Loristan vilayətinə iki il sürgün cəzasına məhkum edilmişdi. Bu hökm daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri, hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.