Sevinc Sadıqova: “Elə bil Əfqan əsir düşüb”


Bakı/24.03.2021/7GUN.az: "Əfqan Sadıqovun sağlamlıq durumu çox ağırdır, o ölür. Artıq bədəninə sistem yeridilməsindən də imtina edib”.

Bunu hazırda həbsxanada 141 gündür aclıq edən Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova "Turan”a deyib.

Sevinc Sadıqovanın dediyinə görə, jurnalist sağlamlığını tamamilə itirib: "O, ayaq üstə dura bilmir, mədəsində, böyrəklərində ağrılar var. Sümükləri, oynaqları bərk ağrıyır, müqavimətini itirib, ayağa qalxa bilmir. Ümumiyyətlə, reanimasiya şöbəsindədir, görüşə əlil arabasında gətirirlər. Vəziyyəti çox ağırdır, sistemdən imtina edib. Deyir, onlar onu görüntü olaraq göstərirlər ki, guya yaşayır. O, daxilən çöküb, sağlamlığından əsər-əlamət qalmayıb”.

O, jurnalistin əfvlə azadlığa buraxılmamasına da münasibət bildirib: "Görünür, ona çox qərəzlə yanaşırlar. Əfvə düşənlər arasında Əfqanın maddəsi ilə azadlığa buraxılan onlarla insan var. Qərəz olmasa idi, onu da əfv edərdilər. Amma Əfqanı Apellyasiya Məhkəməsi belə ev dustaqlığına buraxmadı".

Sevinc Sadıqova deyir ki, onun müraciətinə məhəl qoyulmur: "Deyirəm, iki körpə uşağı var. Elə bil Əfqan əsir düşüb. Təsəvvür edin, snayper əsiri azad edirlər, 141 aclıq edən, həqiqəti yazan jurnalisti həbsdə saxlayırlar. Adam ölür. Bunu necə çatdırım, anlamıram. Hər gün stress yaşayıram ki, bu gün öləcək. Bilmirəm nə edim? Hər günüm zəhərdir. Bunlar əsirə humanistlik göstərirlər, amma jurnalistə yox”, - o qeyd edib.

Penitensiar Xidmətdən Əfqan Sadıqovun sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Əfqan Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10000 manat rüşvət alarkən saxlanılıb, lakin Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.TV saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib.

Jurnalist məhkəmənin hökmünə etiraz olaraq aclığa başladığını elan edib.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqovun barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

Əfqan Sadıqov həbsindən öncə "Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi” adlı məqalə ilə çıxış edib.

Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir.

Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. Əfqan Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

Bir çox yerli və beynəlxalq hüquq- müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış ediblər.