Elşən Əlisoy: "...kimin kimi saxlamasının mənim üçün heç bir önəmi yoxdur..."


SOCAR-in vitse-prezidenti Mikayil İsmayılov Sozcu.az saytının rəhbəri , “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Elşən Əlisoya qarşı məhkəmə iddiası qaldırıb.

7GUN.az xəbər verir ki, bu haqda Elşən Əlisoy məlumat verərək, bunları deyib:

SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov mənə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148 – çi maddəsi ilə xüsusi ittiham qaydası ilə məhkəmə iddiası qaldırıb. Səbəb kimi onun haqqında mənə məxsus olmayan Azadsoz.com adlı internet saytında yayımlanan yazının özümə məxsus Feysbuk səhifəmdə, ” Bu qədər sərvəti neynir bunlar ilahi… Mikayıl İsmayılov SOCAR -ın 12 vitse-prezidentindən biridir. Mən buna vəhşilik və acgözlük deyirəm”,- başlığı ilə yazıb paylaşmağımı göstərir.

Mikayıl İsmayılov haqda Azadsoz.com saytında yayımlanan yazıda onun bir xanım aparıcı və bir xanım modeli saxlaması haqda və onun əldə etdiyi bəzi əmlak haqda yazıya yer verilmişdir. Mən bir daha bəyan edirəm: kimin kimi saxlanmasının mənim üçün heç bir önəmi yoxdur, sadəcə maaşı ilə sərvəti uyğun gəlməyən oliqarxların dövlətdən topladığı sərvətlər mənim üçün önəmlidir. Çünki , o sərvətlər Azərbaycan xalqınındır və o boyda milyardlar toplamaq acgözlük və talançılıqdır.

Qeyd edirəm ki, SOCAR haqda rəhbəri olduğum “sozcu.az” saytında yayımlanan hər bir yazıdan sonra, “Sozcu.az” saytı haker hücumlarına hədəf olub və sayt dağıdılıbdır. Bu gün SOCAR-ın vitse-prezidenti tərəfindən mənə qarşı qaldırılan məhkəmə iddiası da, “Sozcu.az” saytının susdurulmasına hesablanıb.

Məhkəmə 21 iyun saat 15:00-da Ağsu rayon məhkəməsində keçiriləcək.