Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”!-VİDEO


Masallı rayon Qəriblər kənd sakinlərinin şifahi məlumatları əsasında 13 fevral 2019-cu il tarixdə 7GUN.az-da “Qəriblər kənd tam orta məktəbin gizlinləri” başlıqlı məqalə dərc edilmişdir. Həmin məqalədə Qəriblər kənd tam orta məktəbin direktoru Şərafət Əliyevin qanunsuz əməlləri barədə məlumat verilmişdir.

Şərafət Əliyev 16 fevral 2019-cu il tarixdə 7GUN.az-ın elektron poçtuna məktub göndərərək, barəsində deyilənlərin qərəzli və böhtan olduğunu bildirmişdir. O, göndərdiyi məktubda 2016-cı, 2017-ci və 2018-ci illərdə barəsində edilən şikayətlərlə bağlı Masallı rayon Prokurorluğunda və Məhkəməsində araşdırmalar aparıldığını qeyd edib. Şərafət Əliyevin məktubundan görünür ki, mübahisə predmeti olan məsələlərə hətta ali məhkəmə səviyyəsində də baxılmışdır. Dövlət orqanlarında vətəndaşların şikayətlərinə necə qiymət verilməsindən asılı olmayaraq, hesab edirik ki, “od olmayan yerdən tüstü çıxmaz”.

Məktubdan görünür ki, Şərafət Əliyev özünümüdafiə mövqeyindən çıxış edir, ola bilər ki, o, qanunsuz əməllərinə don geydirməyə çalışır. Məhz buna görə də 7GUN.az Baş Prokurorluğdan, Təhsil Nazirliyindən və Maliyyə Nazirliyindən məqalədə qaldırılan problemlərin yoxlanılmasını və nəticələri barədə ictimaiyyətə məlumat verilməsini xahiş edir.

13 fevral 2019-cu il tarixdə 7GUN.az saytında yayımlanan “Qəriblər kənd tam orta məktəbin gizlinləri” başlıqlı məqalədə də qeyd etmişik ki, Qəriblər kənd sakinlərinin məktəbdəki vəziyyət və direktor Şərafət Əliyevin qanunsuz əməlləri barədə verdikləri məlumatların doğruluğunu Təhsil Nazirliyinin və digər dövlət orqanlarının müvafuq araşdırmaları nəticəsində müəyyən etmək olar.

Mövzunu davam etdirəcəyik.