Rövşən Əkbərov niyə 20 ildir həbs olunmurdu- Qətlin təfərrüatları


Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs olunması xəbəri rəsmən təsdiqlənsə də, ona qarşı irəli sürülmüş ittihamlar və digər detallar haqda hələlik rəsmi açıqlama verilməyib. Onun işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

7GUN.az Bizimyol.info-ya istinadən xəbər verir ki, ötən ilə qədər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi adlanan bu qurumda 20 ilə yaxındır ki, Rövşən Əkbərovun adı keçən cinayət işi vardı. Söhbət 2001-ci ilin iyulunda Ukraynanın paytaxtı Kiyevdə restoranda 29 yaşlı azərbaycanlı iş adamı Elçin Əliyevin qətlə yetirilməsindən gedir. Hadisədən az sonra Ukrayna prokurorluğu Azərbaycan hüquq-mühafizə orqanlarına məktub göndərərək, bu cinayəti Rövşən Əkbərovun törətməsinə dair sübutlar əldə etdiklərini vurğulamışdı. Həmin sübutlarla birlikdə cinayət işinin materialları araşdırmanın davam etdirilməsi üçün Bakıya göndərilmişdi. Azərbaycanda bu iş üzrə istintaq bir müddət Hərbi Prokurorluqda aparıldı, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verildi. Daha sonra icraat ümumiyyətlə dayandırıldı.

Ötən 20 il ərzində mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva dəfələrlə mətbuat konfransları keçirib, mediaya müsahibələr verərək, oğlunun Rövşən Əkbərov tərəfindən öldürüldüyünü açıq şəkildə bildirirdi. Həm Səmayə Əliyeva, həm də həyat yoldaşı Fəday Əliyev dövlət orqanlarına ünvanladıqları onlarla şikayət məktublarında da bunu yazır və Rövşən Əkbərovun cəzalandırılmasını tələb edirdilər. Səmayə Əliyeva hələ 2016-cı ildə müsahibəsində bildirirdi ki, həyat yoldaşı ilə birlikdə aldıqları təqaüdün böyük bir hissəsini məktub və teleqramlara verirlər.

“Mən yaşaya bilmirəm. Oğlumun qanı yerdə qalıb, onu cavan yaşda əlimdən alanlar əl-qolunu saalayıb gəzir, dözə bilmirəm. Bu dünyadan köçmədən ədalətin öz yerini tapmasını istəyirəm...”, - Səmayə Əliyeva belə deyirdi.

O, iddia edirdi ki, oğlunun qətli Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimovun gözünün qarşısında baş verib. Səmayə Əliyevanın sözlərinə görə, oğlu həmin vaxt Ukraynada səfir olan Nazim İbrahimovla dost olub. Elçin Əliyev, Nazim İbrahimov və Rövşən Əkbərov hadisə günü birlikdə restoranda olublar: “Əvvəl ikisi olublar, sonra Rövşən Əkbərov da ora gəlib. Orada nəsə mübahisə düşüb, oğlum çıxıb gedəndə maşının yanında Rövşən hərbi bıçaqla ürəyindən vurub”.

Daha sonra Rövşən Əkbərov Azərbaycana gəldiyinə və bu ölkənin vətəndaşı olduğuna görə Ukrayna prokurorluğu onunla bağlı istintaqın davam etdirilməsi üçün işi Bakıya göndərib.

Rövşən Əkbərov uzun illər cinayət məsuliyyətinə cəlb olunmadığına görə mərhum Elçin Əliyevin valideynləri Avropa İnsan Haqları Məhkəməsinə də şikayət edib. Avropa Məhkəməsi də Azərbaycanda bu iş üzrə araşdırmaların effektiv aparılmadığı qənaətinə gəlib, istintaq orqanının bu cür davranışıyla Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulduğunu təsdiqləyib.

Bu hadisədən sonra – 2002-ci ildə Rövşən Əkbərova general-leytenant rütbəsi verilib.2011-ci ilin fevralında o, korpus komandiri təyin edilib. 56 yaşlı Rövşən Əkbərov 2020-ci ildə ehtiyata buraxılıb.

Rövşən Əkbərov 1994-cü ilin oktyabrında Surət Hüseynovun dəstəsilə bağlı hadisələrin qarşısının alınmasında xidmətlərinə görə 1994-cü ilin oktyabrında ona Milli Qəhrəman adı verilib.