Masallıda vəzıyyət necədir?


Masallı rayonundakı ictimai və sosial-iqtisadi vəziyyət barədə son illərdə müstəqil mətbuat orqanlarında çoxlu sayda məqalələr dərc olunmuş və video-materiallar yayımlanmışdır.

Həmin materialların böyük qismi əhalinin acınacaqlı yaşayış səviyyəsi, kasıb insanların sosial hüquqlarının məmurlar tərəfindən  davamlı olaraq pozulması, papaqlarının yeri dəyişdirilən icra hakimiyyəti başçılarının korrupsiyaya qurşanmaları, dövlət idarələrində rüşvətin adiləşməsi və sair məsələlər barəsindədir. Son illərdə hüquqları tapdanan  rayon sakinləri tərəfindən əsasən Prezident Adminstrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər ali hakimiyyət orqanlarına rayonda çalışan vəzifəli məmurların qanunsuz əməl və hərəkətləriylə bağlı yüzlərlə şikayət məktubları göndərilmişdir. Lakin rayon sakinlərinin şikayətləri baxılması üçün barələrində narazılıq etdikləri vəzifəli məmurlara həvalə olunmuşdur. İllərlə davam edən yazışmalar və məhkəmə çəkişmələri insanları bezdirib. Bütün oyunları isə rayona rəhbərlik edən icra hakimiyyətinin başçıları idarə edir. Rafil Hüseynovun 2012 -ci ildən 2020-ci ilə kimi Masallıda törətdiyi korrupsiya və digər cinayət xarakterli əməllərinə hüquqi qiymət verilmədən Ağcabədi rayonuna icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olundu. Onun qohumu Şahin Məmmədov isə Ağcabədi rayonunda yaratdığı korrupsiya çirkabından çıxarılaraq Masallıya icra hakimiyyətinin başçısı vəzifəsinə keçirildi. Yəni çirkli papaqların yerləri dəyişdirildi. Ağcabədi rayon sakinlərinin Şahin Məmmədovun korrupsiya əməlləri barədə Prezident Adminstrasiyasına, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərdikləri saysız-hesabsız şikayətlər baxılmamış qapadıldı. Masallı rayon sakinləri arasında gəzən söhbətlərə görə qohum icra başçılarının himayədarı Prezident Adminstrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevdir.

Etibarlı mənbələrdən 7GUN.az-a verilən məlumatlara görə qohum icra başçıları qarşılıqlı olaraq bir-birlərinin kəm-kəsirlərini aradan qaldırır, vəzifələrə təyin etməkdən ötrü külli miqdarda rüşvət aldıqları şəxslərin işlərini nizama salır, eyni zamanda əmlaklarını mühafizə edirlər. Təkcə bunu qeyd etmək yetərlidir ki, Rafil Hüseynovun dönəmində onun himayəsi ilə Masallı rayon Mənzil Kommunal Təssərrüfatı Birliyinin keçmiş rəisi Hikmət Xəlilovun həyata keçirtdiyi korrupsiya cinayətlərini Şahin Məmmədov ciddi-cəhdlə ört-basdır etdirmək istəyir. Deyilənə görə, Prokurorluq orqanlarının aşkarladığı 240 min manatdan çox mənimsəmə faktına  hal-hazıra kimi hüquqi qiymət verilməmişdir. Məhz bu səbəbdən idarəyə ötən payızda təyin olunmuş sabiq rəis Nazim Muradov öz xahişi ilə işdən azad olunmuşdur. Viləş Çay Su Anbarının qorunma zolağında və Ərkivan -Kosakül yaşayış məntəqələrinin yaxınlığındakı ərazilərdə  Rafil Hüseynovun göstərişi ilə qanunsuz olaraq qazılıb Türkiyə Respublikasının "Kolin" şirkətinə yol tikintisindən ötrü satılmış kənd təsərrüfatı üçün yararlı torpaq dağıntılarına görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılmış cinayət işi də Şahin Məmmədovun maraqları səviyyəsində    bağlanmışdır. Rayon ziyalılarından öyrəndiyimizə əsasən Şahin Məmmədov öz şəxsiyyətinə hörmət edən məmurları gözümçıxdıya salır, onların barəsinbdə kompromatlar toplayır. İcra Hakimiyyəti Aparatında işçilər bir-birlərindən donos verməkdən ötrü məqam gözləyirlər.
Masallı rayon sakinləri bildirirlər ki, Şahin Məmmədov qohumu Rafil Hüseynovun Masallı rayonundakı təsərrüfat obyektlərinə də nəzarət edir. Şahin Məmmədov və yaxın ətrafı hələki Qarabağ savaşında həlak olan şəhidlərin məzar daşlarının kölkəsində gizlənirlər.

Rayondan seçilən deputatlardan və bəzi iş adamlarından ibarət yaranmış "mini diaspor"un maraqları çərçivəsində idarə olunan yerli hakimiyyətdən əhalinin narazılığı gündən-günə artır.

P.S. Masallı rayonundakı sosial və ictimai durumla bağlı araşdırmalarımız davam edəcək.