Qarabağda tikinti üçün Zakir Fərəcovdan 50 milyon manat istənilib?


Sumqayıtın icra başçısı Zakir Fərəcov növbəti dəfə sahibkarların pulunu verməkdən imtina edib.

7GUN.az jamaz-a istinadən xəbər verir ki, bunu şəhərdə abadlıq və quruculuq işləri görən sahibkarlar deyiblər.

Həmin məlumata görə, icra başçısı hələ ilin əvvəlindən Sumqayıtda bir sıra işlərin görülməsi üçün xeyli sayda iş adamı ilə danışıq aparıb. Onların bəzilərini razı salaraq, görülən işlərin müqabilində pulun hissə-hissə ödəniləcəyini vəd verib. Lakin ödənişin apreldən tez baş verməyəcəyini deyərək, səbəb kimi də, tenderlərin məhz həmin ay rəsmiləşəcəyini göstərib.

Qeyd edilir ki, Fərəcovun sözünə inanan 10-dan çox sahibkar Sumqayıtda onlara tapşırılan işləri görməyə başlayıblar. Lakin nəinki aprel ayında, hətta may ayında da onlara ödəniş edilməyib. Deyilənlərə görə, icra başçısı əvvəlcə onlara tenderin hələ Maliyyə Nazirliyində təsdiq olunmadığını bildirib. Daha sonra isə pulun köçürülməsini gözlədiyini söyləyib.

Ancaq may ayında sahibkarlar məsələdən duyuq düşüblər ki, icra başçısı onların pulunu ödəmək fikrində deyil. Elə məsələnin üstü də bundan sonra açılıb. Məlum olub ki, əslində ortada tender söhbəti yoxdur. Və tender çoxdan udulub, naməlum bir şirkətin adına pul da keçirilib. Sadəcə, Zakir Fərəcov həmin pulları özünün şəxsi məqsədlərinə sərf edib. Hazırda isə həmin pulu ödəmək fikri də yoxdur.

Bu azmış kimi, indiyə qədər sahibkarlara kiçik məbləğli ödəniş edən İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin müdiri Adil Xudadatovun da həmin pulları şəhərdən yığdığı pullar olduğu məlum olub. Belə ki, Sumqayıtda daşı-daş üstə qoymaq istəyən hər kəsin başının üzərini kəsdirən Xudadatov ondan nəsə qoparmadan əl çəkmir. Yığılan pulların da bir qismi sahibkarların başını qatmaq üçün verilsə də, yerdə qalan hissəsi yenə şəxsi məqsədlərə sərf olunur.

Bütün bu prosesin ən maraqlı məqamı isə Xudadatovun sahibkarlara dediyi sözdür. Məlumatda deyilir ki, görülən işlərin ödənişi ilə bağlı şöbə müdiri ilə görüşən sahibkarlara Xudadatov deyib ki, onlar pul gözləməsinlər. Səbəb kimi isə onu deyib ki, Zakir Fərəcov Qarabağda bir neçə kəndin tikintisini öz üzərinə götürüb və buna görə də, ona 50 milyon manat lazımdır. Şöbə müdiri bir qədər də irəli gedərək, həmin pulun hakimiyyət dairələrindən istənildiyini, Fərəcovun da təcili olaraq, obyektlərini satdığını, hətta məşhur “Kalyon” restoranını belə satışa çıxardığını iddia edib. Ona görə də, görülən işlərin pulunu ödəmək imkanı yoxdur və gələcəkdə imkan yaranarsa, həmin sahibkarları çağırıb “hallalaşacaqlar”.

Bildirək ki, bu, Sumqayıtın icra başçısı Zzakir Fərəcovun ilk işi deyil. Hələ 5-6 il bundan öncə də o, çox sayda sahibkarın gördükləri işin müqabilində pullarını verməmişdi. Həmin məsələ bir sıra qalmaqallara səbəb olsa da, icra başçısı işin içindən sıyrılmağı bacarmışdı. Ona hakimiyyətdəki bəzi qüvvələrin kömək göstərdikləri deyilirdi.

Görünən odur ki, Zakir Fərəcov ənənəsinə sadiq qalaraq, yenə də sahibkarları aldatmağa nail olub. Lakin bu dəfə o, Qarabağda gedən tikinti işləri adı altında pərdələnməyə çalışır ki, bunun özü də qalmaqallı məsələdir.

Qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Yazıda adları keçən şəxsləri dinləməyə hazırıq.